NDU daha bir ilkə imza atır

Naxçıvan Dövlət Universitetinin ilklərinə bir yenisi daha əlavə olundu...

 

Naxçıvan Dövlət Universiteti 2023/2024-cü tədris ili üçün ilk dəfə olaraq ingilis dilində “Tibb” ixtisası üzrə tələbə qəbulu elan edir. İxtisas üzrə müsabiqədə həm Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının nəticələri əsasında yerli abituriyentlər, həm də universitetin hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr iştirak edəcəklər.

 

İngilis dilində “Tibb” ixtisası üzrə dərslər xarici dildə tədris üçün hazırlanmış yerli kadrlar və xaricdən dəvət olunan mütəxəssislər tərəfindən tədris olunacaq.

 

İngilis dilində “Tibb” ixtisasında təhsil alan tələbələrin hər tədris ilinin sonunda universitetin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin, xüsusilə tədrisi ingilis dilində olan universitetlərin klinikalarında təcrübə keçmələri nəzərdə tutulur.

 

Naxçıvan Dövlət Universiteti nəzdində yaxın zamanlarda müasir standartlara cavab verən Tibbi Tədqiqat Klinikası, Tibb fakültəsi, Stomatologiya fakültəsi, Tibb kolleci və bir sıra sosial infrastrukturu özündə cəmləyən yeni tibb kampusunun qurulması xarici dillərdə tibbi kadrların hazırlanması üçün geniş imkanlar yaradacaq və əsaslı baza rolu oynayacaq.

 

İngilis dilində “Tibb” ixtisasında təhsil alan tələbələrin ixtisasları üzrə tibbi biliklər əldə etmələri, bu ixtisas üzrə Avropanın müxtəlif universitetləri ilə ikili diplom layihələrini həyata keçirməyə, müxtəlif mübadilə proqramları əsasında müəyyən təhsil dövrlərində xarici ölkələrdə təhsil almalarına geniş imkanlar yaradacaq.

 

İngilis dilində Tibb təhsili sonrakı təhsil səviyyələrində yüksəkixtisaslı kadr kimi formalaşmaqda Avropa universitetlərində rezidentura və ya uzmanlıq təhsili üçün geniş imkanlar yaradacaq.

 



28.07.2023 | 13:23