UFAZ bakalavr pilləsinə qəbul imtahanının nəticələrini açıqlayıb

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə  keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

 

Ümumilikdə UFAZ-ın qəbul imtahanında iştirak etmək üçün 421 namizəd qeydiyyatdan keçib, qeydiyyatdan keçənlərdən 372 nəfəri qəbul imtahanında iştirak edib. Yekun nəticələrə əsasən, UFAZ-ın təklif etdiyi 160 yerin hamısı dolub. 60 nəfər “İnformatika”, 35 nəfər “Kimya mühəndisliyi”, 35 nəfər “Neft-qaz mühəndisliyi”, 30 nəfər isə “Geofizika mühəndisliyi” ixtisaslarına qəbul olunub.

 

Strasburq Universitetinin təşkil etdiyi qəbul imtahanında ən yüksək nəticəni Nəzrin Əliyeva göstərib. O, mümkün 100 baldan 67 bal toplayaraq UFAZ-ın “İnformatika” ixtisasını seçib.

 

Son illər UFAZ-ın gənc qızların mühəndis ixtisaslarına yiyələnməsi üçün apardığı maarifləndirmə və dəstək kampaniyası nəticəsində universitetə ​​maraq göstərən qızların sayı artır. Belə ki, yeni qəbul olunan tələbələrin 44 faizi (70 nəfər) qızlardır. Bu nisbət “Kimya mühəndisliyi” üzrə 62,86%, “Geofizika mühəndisliyi” üzrə 53,33%, “Neft-qaz mühəndisliyi” üzrə 37,14%, “Kompüter elmləri” üzrə 31,6% təşkil edir.

 

Bu barədə UFAZ-dan bildirilib.

 



14.08.2023 | 10:00