“İnsan kapitalı” İşçi Qrupunun hesabat iclası keçirilib

Avqustun 11-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyada Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” İşçi Qrupunun növbəti iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda işçi qrupun 2023-cü il üzrə təsdiqlənmiş Fəaliyyət Planının birinci yarımilinin ilkin nəticələri əks olunub.

 

İclasda işçi qrupunun 2023-cü ilin birinci yarımili ərzindəki ümumi fəaliyyəti, həmçinin ölkəmizdə cari ilin ilk altı ayı ərzində elm və təhsil sahəsində qəbul edilmiş və insan kapitalının inkişafına xüsusi xidmət edən bir sıra yeni hüquqi aktlar, onların əhatə dairəsi barədə məlumat verilib.

 

Bununla yanaşı, “İnsan kapitalı” İşçi Qrupunun sonuncu iclasında qəbul edilən, dövlət tərəfindən təhsilə digər mənbələrdən də çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsindən də danışılıb.

 

Daha sonra Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti və əldə edilmiş ilkin nəticələrin təhlili ilə bağlı təqdimatla çıxış edib.

 

Yekunda isə mövzu ilə bağlı müzakirələr aparılıb.

 

 



14.08.2023 | 13:20