NDU və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında əməkdaşlıq görüşü olub

Naxçıvan Dövlət Universiteti (NDU) və “Naxçıvan Qaziləri” İctimai birliyi arasında əməkdaşlıq görüşü keçirilib.

 

Görüşdə universitetin rektoru Elbrus İsayev “Naxçıvan Qaziləri” İctimai birliyinin nümayəndələrini salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində əldə olunduğunu fəxr hissi ilə vurğulayıb. Bildirilib ki, bu tarixi qələbə təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qələbəsidir; xalqımızın şanlı tarixidir. Rektor diqqətə çatdırıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimiz heç vaxt unudulmayacaq, onların əməlləri gələcək nəsillərə nümunə göstəriləcək. E.İsayev qazilərin və şəhid ailələrinin ali təhsil ocağının malik olduğu bütün imkanlardan yararlanması üçün şərait yaradılacağını, vətənpərvərlik mövzusunda ictimai birliyin də iştirakı ilə mütəmadi tədbirlərin təşkilinin bundan sonra da diqqətdə saxlanılacağını söyləyib.  

 

“Naxçıvan Qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov göstərilən diqqətə görə E.İsayevə minnətdarlıq edib.

 

Sonda rektor qazilərin təkliflərini dinləyib, mövzu ətrafında müzakirələr aparılıb.

 



12.09.2023 | 13:28