Regional əməkdaşlığın yeni formatı Mərkəzi Asiya dövlətləri və xalqlarını bir-birlərinə daha da yaxınlaşdırır

Prezident İlham Əliyevin ötən həftə Tacikistana səfəri və paytaxt Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələri arasında münasibətlərin getdikcə sıxlaşması, əməkdaşlıq əlaqələrinin güclənməsi aspektindən əhəmiyyətli səfər kimi qiymətləndirilməlidir. Bu məşvərət görüşü son illər Mərkəzi Asiya ölkələri, türkdilli dövlətlərin liderləri arasında davamlı şəkildə keçirilən məsləhətləşmələrin, qarşılıqlı səfərlərin davamı kimi xarakterizə olunur. Bir tərəfdən bu dövlətləri ortaq tarixi, mədəni bağlar birləşdirir, digər tərəfdən regionda yeni əməkdaşlıq imkanları əlaqələrin daha möhkəm bünövrəyə daşınmasını diktə edir.

 

Məlum olduğu kimi, Tacikistan və Azərbaycan bir-birlərinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hər zaman dəstəkləyib.  1992-ci ilə aid iki ölkə arasında diplomatik münasibətlərin təməli 2007-ci ildən Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə daha da möhkəmlənib. Hər iki ölkənin qanunverici orqanında parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur və bu, parlament müstəvisində birgə fəaliyyət üçün gözəl imkanlar yaradır.    

 

Ən mühümü isə odur ki, birgə ticarətin müsbət inkişaf dinamikası var. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. Üstəlik, birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı,  pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Turizm sahəsində sərmayə layihələri icra edilir.

 

Mərkəzi Asiyanın önəmli coğrafi region olması, Azərbaycanın da öz növbəsində güclü iqtisadiyyata, müsbət demoqrafik vəziyyətə, tranzit ölkə statusuna malik olması iqtisadi əməkdaşlığın yeni formatları istiqamətində işləməyə təbii zərurət yaradır. Hazırda nəqliyyat və logistika sahəsi münasibətlərdə mühüm yer tutur. Bəllidir ki, Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi Azərbaycandır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən artan yük tələbatı gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlərin aparılmasını, tanker və yükdaşıyan gəmilərin sayının artırılmasını tələb edir ki, hazırda ölkəmiz bu istiqamətdə əhəmiyyətli işlər görür. Bundan başqa, gömrük prosedurlarının sadələşdirilməsi, tranzit daşımaların şəffaflığının təmin edilməsi üçün Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması, yəni, “Rəqəmsal İpək Yolu” layihəsinin hazırlanmasına dair ardıcıl işlər yerinə yetirilir.

 

Artıq neçə vaxtdır ki, ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirən Zəngəzur dəhlizinin aktuallığı artıb. Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirildiyi üçün bu gün Zəngəzur dəhlizinin açılmasına böyük diqqət, maraq və cəhd var. Bəllidir ki, Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb, ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Qalır, Ermənistanla münasibətlərə yekun nöqtə qoyacaq sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin həyata vəsiqə almasına nail olmaq... 

 

Sözsüz ki, regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

 

V.ALLAHVERDİYEVA

 



19.09.2023 | 11:10