“Bir baxışda təhsil”

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya ölkələrində təhsil sistemlərinin icmalını təqdim edən “Bir baxışda təhsil 2023” (Education at a Glance 2023) hesabatını açıqlayıb. Hesabat dünya miqyasında təhsilin vəziyyətini ölçən mötəbər mənbə hesab olunur.  Builki nəşrdə peşə təhsili və təliminə xüsusi diqqət yetirilir. Digər göstəricilərə aşağıdakılar daxildir: ölkələr üzrə öyrənmənin təşkili, təhsilə qoyulan maliyyə resursları, müəllimlər, təlim mühiti və məktəblərin təşkili, təhsilə çıxış, əhatəlilik  və irəliləyiş. Hesabatda OECD-yə üzv olan 38 ölkənin, eləcə də Argentina, Braziliya, Bolqarıstan, Çin, Xorvatiya, Hindistan, İndoneziya, Peru, Rumıniya, Səudiyyə Ərəbistanı və Cənubi Afrikanın təhsil sistemləri təhlil edilib.

 

Peşə təhsili dəyişən əmək bazarına uyğunlaşmaq üçün əsas olacaq

 

Hesabatda qeyd olunur ki, peşə təhsilinə çıxışın artırılması daha çox gəncin ixtisaslı işçilər üçün artan tələblərə cavab verməsini, “yaşıl” və rəqəmsal transformasiyaların yaratdığı dərin dəyişikliklərə uyğunlaşmasını və onlardan faydalanmasını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edəcək. Peşə təhsili əksər təhsil sistemlərinin mühüm, populyar elementidir və orta məktəbin bütün yuxarı sinif  şagirdlərinin 44%-i OECD üzrə peşə təhsili və təliminə daxil olub. Bu yüksək göstəriciyə baxmayaraq, bir çox ölkələrdə peşə proqramları əmək bazarına daxil olmaq üçün hələ də mühüm faktor kimi qiymətləndirilir. Peşə təhsili təhsil və məşğulluq arasındakı fərqi aradan qaldırmağa və əldə edilən bacarıqları təmin etməklə təlim nəticələrini yaxşılaşdırmağa kömək edə bilər. Sənayenin peşə təhsilinə cəlb edilməsinin gücləndirilməsi prioritet məsələ olmalıdır. Bütün orta təhsil pilləsində təhsil alan tələbələrin yarısından azı işəsaslı  öyrənmə elementlərini özündə birləşdirən proqramlarda iştirak edir.

 

OECD  ölkələri üzrə peşə sahəsinin tələbələrinin dörddə biri ali təhsilə birbaşa çıxışı olmayan tam orta təhsil proqramlarına daxil olur. Peşə proqramları ali təhsili davam etdirmək üçün tələb olunan keyfiyyətləri təmin etməlidir. Peşə məzunlarının malik olduğu bacarıqlara əsaslanmaq üçün daha çox ali təhsil proqramları hazırlanmalıdır. Gəncləri erkən yaşlarından daha çox məşğulluq imkanlarını kəşf etməyə təşviq etmək üçün effektiv karyera rəhbərliyinə çıxış əldə etmək lazımdır. Tələbələr, həmçinin, hər hansı bir yekun qərar verməzdən əvvəl iş yerlərini ziyarət etməli və bir sıra işçilərlə qarşılıqlı əlaqə qura bilməlidirlər.

 

“Builki “Bir baxışda təhsil” sənədi gənclərin uğur qazanmasında və onlar üçün bərabər imkanların təmin edilməsində təhsil sistemlərinin rolunu gücləndirmək imkanlarını müəyyən edir. OECD-də orta ixtisas təhsili almış gənclərin sayı 2015-ci ildəki 25-34 yaşlı gənclərin 82 faizindən 2022-ci ildə 86 faizə yüksələrək yaxşılaşıb”, -deyə OECD-nin Baş katibi Matias Kormann bildirib. Onun sözlərinə görə, “bununla belə, aşağı sosial-iqtisadi təbəqədən olan gənclər geridə qalmaqda davam edir. Ölkələr diqqəti təhsildəki boşluqların aradan qaldırılmasına yönəltməli və daha çox gəncə məhsuldar karyera, əməkhaqqı və perspektivlər vermək üçün imkansız tələbələrə və məktəblərə daha çox dəstək verməlidir”.

 

Erkən təhsilin əhəmiyyəti artır

 

Hesabatda erkən uşaqlıq təhsilinin əhəmiyyəti də vurğulanır. Bildirilir ki, erkən uşaqlıq təhsilində iştirak edən azyaşlılar məktəbdə daha yaxşı performans göstərir və daha yaxşı sosial bacarıqlara malikdirlər. Yüksək keyfiyyətli erkən uşaqlıq təhsili və qayğı bütün uşaqlara həyatda ədalətli başlanğıc verməyə kömək edir və xüsusilə də ən imkansız uşaqlar üçün həyati əhəmiyyət daşıyır. OECD üzrə orta hesabla 2 yaşa qədər uşaqların 18%-i erkən uşaqlıq təhsilinə cəlb olunub. 2 yaşlı uşaqlar arasında orta göstərici 43% -ə yüksəlir, lakin vəziyyət ölkədən ölkəyə çox dəyişir. İslandiya, Koreya, Norveç və İsveçdə 2 yaşlıların erkən təhsilə cəlbi 90%-i keçsə də, digər OECD ölkələrində bu rəqəm birrəqəmli olaraq qalır. Üç yaşlı uşaqların erkən təhsilə cəlbi OECD ölkələrində 74 faiz, Aİ ölkələrində isə 80 faizə qədərdir.

 

Orta təhsilin səviyyəsi yüksəlir

 

Hesabata görə, üzv ölkələrdə orta təhsil səviyyəsi yüksəlir. OECD ölkələrində daha çox gənc orta təhsili başa vurur. Orta təhsil səviyyəsi çox vaxt əmək bazarında uğurlu iştirak üçün minimum tələb hesab olunur. Fərdlər həm ibtidai, həm də orta təhsil də daxil olmaqla, təhsilə təxminən 17 il sərf edə bilərlər. Həmçinin qeyd olunur ki, qadınların təhsil səviyyəsi kişilərə nisbətən daha yüksəkdir. Bununla belə, orta hesabla, OECD üzrə bütün 25-34 yaşlı gənclərin 14%-i 2022-ci ildə tam orta təhsili tamamlamayıb. Bu rəqəm çox yüksək olsa da 2015-ci ildəki 18 faizlə müqayisədə əhəmiyyətli irəliləyişdir. Tam orta təhsili olmayan gənclərin payı 2  OECD ölkəsi istisna olmaqla, digərlərində azalıb və bəzi ölkələr xüsusilə əhəmiyyətli irəliləyiş əldə ediblər. Məsələn, Portuqaliyada tam orta təhsili olmayan gənclərin payı 17, Türkiyədə isə 15 faiz azalıb.

 

Hazırda ümumi tam orta təhsil səviyyəsinə daxil olanların 77%-i bu səviyyə vaxtında, daha 10%-i isə sonrakı iki il ərzində bitirir. Tam orta ixtisas təhsili müəssisələrinə daxil olanlar üçün bu göstərici aşağıdır. Təhsilalanların yalnız 62 faizi  proqramlarını vaxtında, digər 11% isə növbəti iki il ərzində tamamlayır. Qalan 27% -dən çoxunun proqramlarını uğurla başa vurması ehtimalı azdır.

 

Bir şagirdə düşən xərclər

 

Əksər OECD ölkələri öz ÜDM-nin 3-4%-ni ibtidai və orta təhsilə yatırır. Bu göstərici Kolumbiya və İsraildə ÜDM-nin ən azı 5%-nə yüksəlir. Bunun əksinə olaraq, 6 OECD ölkəsi ibtidai və orta təhsilə ÜDM-nin 3%-dən azını sərf edir. OECD ölkələrində bir şagirdə düşən xərc ibtidai səviyyədə orta hesabla 10700, orta təhsil səviyyəsində 11900 və ali təhsil səviyyəsində 18100 ABŞ dolları civarındadır.

 

Kolumbiya, Çili, Meksika və Türkiyə hər il bir tələbəyə 5000 ABŞ dollarından az, Lüksemburq isə təxminən 26000 ABŞ dolları xərcləyir. Proqram növünə görə tələbəyə düşən xərclərdə də əhəmiyyətli fərqlər var. OECD üzrə orta hesabla, bir şagirdə düşən illik xərc ümumi tam orta təhsildə 11400, peşə təhsilində isə 13200 ABŞ dolları təşkil edir. Bu, çox vaxt peşə təhsili proqramlarında tələb olunan xüsusi avadanlıq və infrastruktur xərclərini əks etdirir.

 

Aşağı əməkhaqqı müəllim peşəsinin cəlbediciliyini azaldır

 

OECD ölkələrində ibtidai və orta məktəb müəllimlərinin qanunla müəyyən edilmiş orta əməkhaqqı 2015-ci ildən etibarən real mənada ildə 1 faizdən az artıb.  OECD ölkələrinin demək olar ki, yarısında real müəyyən edilmiş əməkhaqqı azalıb. Məsələn, Lüksemburqda orta məktəbin ali sinif müəllimlərinin real əməkhaqqısı 2015-ci ildən 11, Macarıstanda isə həmin dövrdə 7 faiz azalıb. Hesabatda deyilir ki, son 12 aydakı inflyasiyanı nəzərə alsaq, vəziyyət bir çox ölkələrdə pisləşəcək. Ölkələr karyera artımı imkanlarını genişləndirməli, müəllimlərin inzibati yükünü azaltmalı, ictimai imicini yaxşılaşdırmalı və yüksək keyfiyyətli müəllim heyətini cəlb etmək üçün əməkhaqqını artırmalıdırlar. Bir çox OECD ölkələri müəllim çatışmazlığı ilə üzləşir. Rəqabətli maaşlar müəllimləri saxlamaq və daha çox fərdləri peşəyə cəlb etmək üçün çox vacibdir. Bir çox OECD ölkələrində müəllimlik maliyyə baxımından cəlbedici karyera seçimi deyil. Orta ixtisas müəllimlərinin faktiki maaşları ali təhsilli işçilərin maaşlarından 10% aşağıdır, lakin bəzi ölkələrdə bu fərq 30%-dən çoxdur.

 

Hesabata görə, güclü təhsil sistemləri üçün yaxşı ixtisaslı və motivasiyalı müəllimlər vacibdir OECD ölkələrinin müəllim çatışmazlığı ilə üzləşdiyini nəzərə alsaq, müəllim keyfiyyətinin yüksəldilməsi və müəllim karyerasını daha cəlbedici etmək əvəzinə kiçik siniflərə üstünlük verirlər. İbtidai səviyyədə orta əməkhaqqı ali təhsilli digər işçilərin maaşından 13 faiz aşağıdır. Tam orta məktəb müəllimləri üçün bu fərq hələ də 5 faizdir.

 

Beləliklə,

 

* OECD-nin əksər ölkələrində və digər dövlətlərdə müəllim və direktorların maaşları təhsil səviyyəsi ilə birlikdə artır.

* Məktəb direktorlarının faktiki maaşı ibtidai və orta təhsil müəllimlərinin maaşından orta hesabla 51%-dən çoxdur.

* Məktəbəqədər, ibtidai və ümumi orta təhsil müəllimlərinin həqiqi əməkhaqları OECD ölkələri və digər iştirakçılar üzrə orta hesabla ali təhsilli işçilərin qazancının 81-95%-ni təşkil edir.

 

Şagirdlər sinifdə nə qədər vaxt keçirirlər?

 

Əsas məqamlar

* OECD ölkələrində şagirdlər ibtidai və natamam orta təhsil çərçivəsində orta hesabla 7634 saat icbari təhsil alırlar. Polşada bu rəqəm 5245 saatdan Avstraliyadakı ikiqat göstəriciyə - 11000 saata  qədər artır.

* OECD ölkələrində ibtidai məktəb şagirdləri üçün icbari təhsil müddəti ildə orta hesabla 805 saat təşkil edir, orta məktəbin aşağı sinif şagirdləri isə ibtidai məktəb şagirdlərinə nisbətən ildə orta hesabla 111 saatdan çox icbari təhsil alırlar (916 saat).

* OECD ölkələrində oxuma, yazma, ədəbiyyat və riyaziyyatın tədrisi ibtidai məktəb şagirdləri üçün icbari tədris vaxtının 41% -ni, orta məktəbin ibtidai sinif şagirdləri üçün isə tədris vaxtının yalnız 27% -ni təşkil edir.

 

Təhsil xərcləri artır

 

Maliyyələşdirmə baxımından hesabat bir çox ölkələrdə təhsil xərclərinin artdığını göstərir. Orta hesabla OECD ölkələri öz ÜDM-lərinin təxminən 5,6%-ni təhsilə sərmayə qoyurlar. Hesabatda təhsilə davamlı investisiya qoyuluşunun zəruriliyi və bunun fərdlərə və bütövlükdə cəmiyyətə gətirdiyi faydalar vurğulanır. Türkiyə ÜDM-nin 4,7 faizini təhsilə ayırıb ki, bunun da 20 faizi ibtidai təhsilə, 20 faizi ümumi, 28 faizi  tam orta təhsilə, 32 faizi ali təhsilə sərf olunub. Hesabatda göstərilir ki, OECD ölkələrində bir şagirdə düşən xərclər ibtidai səviyyədə orta hesabla 10700,  orta təhsildə 11900 və ali təhsil səviyyəsində 18100 dollar təşkil edir.

 

Daha çox tələbə ali təhsil alır

 

OECD ölkələrində orta hesabla 25-34 yaşlı gənclərin təxminən 45%-i ali təhsil alıb. Bu, əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır. Almaniyada universitet təhsili olan insanların sayı 33%, Polşada 34%, Avstriyada 36%, Slovakiyada 29% təşkil edir. İtaliya və Rumıniya Aİ ölkələrindən ən az məzuna malikdirlər - 20%. OECD ölkələri üzrə orta göstərici 40,44% təşkil edir. Kanada 63% ilə ali təhsilli vətəndaşların sayına görə lider ölkədir. Onu Yaponiya, İrlandiya və Koreya izləyir. Yaşı 64-ə qədər olanlara baxsaq, onların 31%-i ali təhsi alıb.

 

Beynəlxalq tələbə mobilliyi sabit qalıb

 

OECD ölkələrində ali təhsil müəssisələrində təhsil alan beynəlxalq tələbələrin nisbəti COVID-19 pandemiyası zamanı nisbətən sabit qalıb. 2021-ci ildə OECD ölkələrindəki ali təhsil müəssisələrinin tələbələrinin 6 faizi əcnəbilər olub.

 

Əcnəbi  tələbələrin ümumi sayı 2019-cu ildəki 4.2 milyarddan 2021-ci ildəki 4.3 milyarda yüksəlib. Lüksemburqda əcnəbi tələbələrin  sayı ən yüksək -  49 faiz təşkil edir. Daha sonrakı yeri  22%-lə Avstraliya tutub.  Braziliya, Çili, Çin, Kolumbiya və Hindistanda əcnəbi tələbələrin sayı 2%-dən azdır.

 

Avstraliyada beynəlxalq tələbələrin payı 2019-cu ildəki 28,4 faizdən 2021-ci ildəki 21,9 faizə, Yeni Zelandiyanın payı isə 2019-cu ildəki  20,8 faizdən 2021-ci ildəki 12 faizə düşüb. Əcnəbi tələbələr 2021-ci ildə Böyük Britaniyada ümumi tələbə sayının 20,  Avstriyada 19, Çexiyada 16, Estoniyada 12, Almaniyada 11, Latviyada 13, Niderlandda 14, Portuqaliyada 12, ABŞ-da 4.6  (2019-cu ildə 5.2 faiz), Türkiyədə 2.7 faiz  təşkil edib. Hesabata əsasən, 2021-ci ildə bütün ölkələrdə əcnəbi tələbələrin payı 2019-cu ilə nisbətən daha yüksək olub. İxtisas istiqamətlərinə gəldikdə, əcnəbi tələbələr arasında STEM kursları daha  populyar olub. Əcnəbi  tələbələrin 32,2, yerli tələbələrin 24,2 faizi  bu sahəyə üstünlük veriblər.

 

Təhsil səviyyəsi əmək bazarında iştiraka necə təsir edir?

 

OECD ölkələrində təhsil səviyyəsi artdıqca məşğulluq səviyyəsi də artır. 25-64 yaşlılar arasında orta təhsil səviyyəsi aşağı olanlar üçün məşğulluq səviyyəsi 59% təşkil edir. Bu, orta və ya orta təhsildən sonrakı təhsili olan böyüklər üçün 77%-ə, ali təhsil səviyyəsinə malik olanlar üçün isə 86%-ə yüksəlir. Yüksək keyfiyyətli peşə təhsili məktəbdən işə keçidi asanlaşdıra bilər. OECD ölkələrində tam orta və ya orta təhsildən sonrakı qeyri-ali təhsili olan gənclər (25-34 yaş) üçün məşğulluq səviyyəsi onların ən yüksək nailiyyəti kimi peşə ixtisası olanlar üçün 83%, ümumi təhsili olanlar üçün isə 73% təşkil edir. OECD ölkələrinin böyük əksəriyyətində 25-34 yaşlı qadınlar arasında məşğulluq səviyyəsi təhsil səviyyəsindən asılı olmayaraq bu yaş qrupundakı kişilərə nisbətən aşağıdır. Ancaq təhsil səviyyəsi artdıqca fərq azalır. OECD ölkələri üzrə tam orta təhsili olmayan 25-34 yaşlı qadınların yalnız 47%-i işləyir, bu da kişi həmyaşıdlarından 24 faiz aşağıdır. Tam orta təhsilli və ya ali təhsili olanlar üçün fərq 14 faizə,  ali təhsili olanlar üçün isə 6 faizə qədər daralır.

 

Ümumilikdə, “Bir baxışda təhsil 2023” OECD ölkələrində təhsil sistemləri haqqında ətraflı məlumatlar təqdim edir. Təhsil idarəçiləri əsas göstəriciləri təhlil edərək, təhsilin nəticələrini yaxşılaşdırmaq üçün əsaslandırılmış qərarlar qəbul edə bilərlər.

 

Oruc MUSTAFAYEV

 



22.09.2023 | 10:11