Polşada STEAM

Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA) 2018-ci il hesabatına əsasən, polşalı şagirdlər riyaziyyat və oxu üzrə 10-cu, dəqiq elmlər üzrə isə 12-ci sıralarda yer alırlar. PISA nəticələri göstərir ki, bu ölkənin məktəbliləri OECD ölkələri arasında orta səviyyədən daha yüksək nəticə nümayiş etdirirlər.  

 

Polşa təhsilini STEAM sahəsinə yönləndirən əsas təşəbbüs “Erasmus+” proqramı tərəfindən reallaşdırılıb. Avropa İttifaqı Türkiyə, Rumıniya, Yunanıstan, Bolqarıstan, Polşa və Litva olmaqla altı ölkədə “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən “STEAM vasitəsilə Yeni Nəsil Elm Standartları” (Next Generation Science Standards through STEAM) layihəsi həyata keçirib. Layihə Türkiyə Milli Agentliyinin Avropa Birliyi Təhsil və Gənclik Proqramları Mərkəzi tərəfindən koordinasiya edilir. Polşada STEAM təhsilin tətbiqində müəyyən edilmiş əsas çətinliklər kurikulum məhdudiyyətləri, məktəb infrastrukturu və STEAM yanaşmasında resursların, təcrübənin və təlimin olmaması ilə bağlı olub. Müəllimlər STEAM fəlsəfəsi, əsas anlayışları və spesifik metodları üzrə təlimə ehtiyac olduğunu, STEAM üçün xüsusi rəqəmsal resurslara və proqram təminatına çıxış, praktiki təlim və seminarlar və ya qarışıq öyrənmə təlimi keçməyin zəruriliyini vurğulayıblar.

 

Paytaxt Varşavada fəaliyyət göstərən “STEAM Academy” pulsuz onlayn proqramı bütün sadalanan ehtiyacların qarşılanması məqsədilə yaradılıb. Proqram çərçivəsində praktiki STEAM bacarıqları üzrə 60 saatlıq dərslər keçilir, İT sahəsində mümkün təhsil və karyera yolları, təcrübə keçmək və STEAM-da inkişaf yolunu seçmək haqqında biliklər əldə edilir.

 

STEAM məktəbəqədər təhsil müəssisələrində

 

Uşaq bağçalarında STEAM təliminin tətbiq edilməsində məqsəd təhsil mühitini yaxşılaşdırmaq və təhsili uşaqlar üçün daha maraqlı, faydalı, əlçatan və stimullaşdırıcı etməkdir. Erkən uşaqlıq təhsilində STEAM tədrisi azyaşlıların diqqətini sosial və emosional öyrənməyə yönəldir, interaktiv yanaşmalarla, məsələn, oyunlaşdırılmış öyrənmə və bədən tərbiyəsi ilə inteqrasiya olunmuş yeni bir metod təşviq edir. Beləliklə, uşaqlara müxtəlif elm fənlərinin necə inteqrasiya etdiyini və birlikdə işlədiyini öyrətmək zərurəti yaranır. Uşaqların çox məlumatlara məhdudiyyətsiz çıxışı vardır. Təhsil artıq faktları əzbərləməkdən ibarət deyil. Tənqidi düşünmək və informasiyanı süzmək ehtiyacı ön plana çıxır.

 

Ölkənin Varşava, Krakov, Poznan, Vroslav, Lodz, Qdansk, Şeçin, Bıdqoş, Lyublin, Rzeşov və s. kimi şəhər və bölgələrində yerləşən uşaq bağçalarında STEAM yanaşmalı tədris tətbiq edilməkdədir.

 

Polşada məktəbəqədər və ibtidai təhsildə STEAM-a yönəlmiş tədrisə münasibəti öyrənmək məqsədilə valideynlər, müəllimlər və STEAM mütəxəssisləri arasında sorğu keçirilib. Nəticələr göstərib ki, onların əksəriyyəti STEAM yanaşması haqqında müsbət fikirlərə malikdir və bu yanaşmanın cinsindən asılı olmayaraq bütün uşaqların motivasiyasını və öyrənmə həvəsini, yaradıcılığı, özünəinamı artırdığını, emosional və sosial qabiliyyətlərini nəzərə alaraq yaxşı öyrənmə imkanları təklif etdiyini qeyd ediblər.

 

STEAM məktəblərdə

 

Polşada Milli Təhsil Nazirliyinin fəxri himayəsinə layiq görülmüş, həmçinin Polşa İnkişaf Fondu və Polşa Baş Nazirinin kansleri tərəfindən dəstəklənmiş “Skriware” platformasının “Hər məktəbdə STEAM təhsili” proqramı qəbul edilib. STEAM təhsil proqramı uşaqları gələcək əmək bazarında ehtiyac duyacaqları bacarıqları inkişaf etdirərək texniki və ya peşəkar yol seçməyə həvəsləndirir. STEM və STEAM təhsili uşaqlarda tənqidi düşünmə, əməkdaşlıq, problem həll etmə və s. kimi daimi bacarıqlar formalaşdırmağa kömək edir.

 

Texnologiyada hər gün davamlı irəliləyişlərin baş verdiyini nəzərə alaraq generativ süni intellekt və rəqəmsal media istehsalı dövründə şagirdlərin STEAM təhsilinə cəlb edilməsi zəruridir. Bu baxımdan Polşa məktəbləri ən yüksək səviyyədə sinif avadanlıqları ilə təmin edilir, şagirdlərə yeni texnologiyalardan təhlükəsiz şəkildə istifadə öyrədilir, onlar rəqəmsal bacarıqlarını inkişaf etdirir və ötürülən bilikləri təcrübədə sınaqdan keçirirlər. Müəllimlər tərəfindən hazırlanmış orijinal proqramlar uşaqlara nəzəriyyənin gündəlik həyatla necə bağlı olduğunu göstərir və şagirdlər dünyanı təkbaşına kəşf etməyə ruhlandırılırlar. Bu cür dərslərdən, misal olaraq, köhnə şəhərdə tarix dərsi, ağaclar arasında həndəsə, riyaziyyat və danışıq sənəti, iqtisadiyyat dərsinin bir hissəsi kimi zərbxanaya səyahət və s. qeyd etmək olar.

 

Proqramın “SkriLab” tədris laboratoriyası ibtidai siniflərdən başlayaraq məktəbi ən yaxşı 3D çap və robototexnika laboratoriyası ilə təmin edir. Ayrı-ayrı komponentlərin məktəbə inteqrasiyası o deməkdir ki, müəllimlər müasir texnologiyalardan istifadə etməklə dərsləri daha rahat keçir və bu yolla öz peşəkar bacarıqlarını təkmilləşdirir, şagirdlərdə elmə həvəs və maraq oyadırlar. “SkriLab”, eyni zamanda problemlərin həlli, dərslik və sosial bacarıqların qurulması yolu ilə öyrənməyə yaradıcı yanaşma təqdim edir, bütün bunlar 3D çap, robototexnika və proqramlaşdırma kimi müasir texnologiyalarla müşayiət olunur.

 

Eyni zamanda müəllimlərin peşəkar və texnoloji bacarıqlarını inkişaf etdirməyə kömək məqsədilə “Skriware Academy” platforması fəaliyyət göstərir. Platformanın alətləri arasında müəllimlər üçün videomateriallar, həftəlik vebinarlar və müəllimlərin ideya və təcrübələrini müzakirə etmək üçün onlayn icmalar, maraqlı dərs planı hazırlamaq məqsədilə müəllimə lazım olan materiallar  yer alır. Həmçinin “Skrimarket”-in onlayn 3D model kitabxanasından necə istifadə olunacağı da aydınlaşdırılır.

 

STEAM ali təhsildə

 

STEM, həm də STEAM təhsili Avropa İttifaqı üçün təhsil və təlim sahəsində strateji prioritet məsələdir. Beynəlxalq tələbələrin STEM sahələrinə yiyələnə biləcəyi Polşanın ən yaxşı universitetlərinin siyahısı aşağıdakılardır: Varşava Texnologiya Universiteti, AGH Elm və Texnologiya Universiteti, Krakov Texnologiya Universiteti, Poznan Texnologiya Universiteti, Qdansk Texnologiya Universiteti, Lodz Texnologiya Universiteti, Nikolay Kopernik Universiteti, Silesian Texnologiya Universiteti, Vrotslav Texnologiya Universiteti və s. Poznan Texnologiya Universitetinin kompüter elmləri fakültəsinin tələbələri Vaşinqtonda “Microsoft” şirkətində işlə təmin edilirlər.

 

Polşada keçirilən Texnologiya Universitetləri Rektorlarının Konfransında qızların STEM sahələrinə cəlb edilməsi məqsədilə “Texniki universitetlərdə qızlar” proqramı həyata keçirilir, qadınların təhsilinə dəstək verən texniki universitetlərin siyahısı hazırlanır və potensial namizədlər üçün xüsusi əlaqə nöqtələri və məlumat kampaniyaları yaradılır.

 

2015-ci ildən bəri Polşa gənclərin ümumi rəqəmsal bacarıqları üzrə Avropa İttifaqında ən yüksək artım nümayiş etdirir. 2019-cu ildə ölkədə 16-19 yaşlı gənclərin 51%-nin ümumi rəqəmsal bacarıqlara malik olduğu bildirilib. 2020-ci ildə Polşa Avropa İttifaqı Şurasından rəqəmsal bacarıqları təkmilləşdirmək üçün ölkə üzrə xüsusi tövsiyə alıb. “Avropa Regionlar Komitəsi”nin (European Committee of the Regions) son hesabatında göstərilir ki, STEAM təhsilinin gücləndirilməsi Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək sahələrdən biridir.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



22.09.2023 | 12:37