Azərbaycan universitetlərinin qlobal reytinqlərdə iştirakında rekord göstərici

Sentyabrın 20-də Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış beynəlxalq analitik agentliyi, nüfuzlu universitet reytinqlərinin tərtibçisi “QS Quacquarelli Symonds”  2024-cü ildə Avropanın ən yaxşı universitetlərinin reytinqini  - QS Europe University Rankings 2024 dərc edib. Bu reytinq 42 ölkədən 688 ali təhsil müəssisəsini əhatə edir. Onların arasında 8 Azərbaycan universiteti də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (=349), Xəzər Universiteti (=372), Bakı Dövlət Universiteti (414), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (=434), ADA Universiteti (=496), Azərbaycan Texniki Universiteti (551-600), Bakı Mühəndislik Universiteti (551-600), Azərbaycan Memarlıq və İnşaat Universiteti (601+) bu reytinqdə yer tutublar.

 

"QS Quacquarelli Symonds"  agentliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov “Azərbaycan müəllimi”nə universitetlərimizin bu uğurunu belə şərh edib:


- Reytinq səkkiz Azərbaycan ali təhsil müəssisəsini də əhatə edib ki, bu da Azərbaycan universitetlərinin qlobal reytinqlərdə iştirakının bütün tarixində rekord göstəricidir. Azərbaycan universitetlərinin regional reytinqdə iştirakının uğurla genişlənməsinin əsas amili akademik dairələrdə və işəgötürən icmalarında reputasiya ilə bağlı göstəricilərin, eləcə də təhsil mühitinin keyfiyyət göstəricilərinin artması olub.

 

Azərbaycan universitetlərinin qlobal reytinqlərdə daha da irəliləməsi üçün əsas imkan elmi-tədqiqat potensialının inkişafı, beynəlxalq elmi əməkdaşlıqlarda fəal iştirak və gələcək beynəlmiləlləşmə strategiyalarının həyata keçirilməsidir.
 

 

Oruc MUSTAFAYEV

 

 



25.09.2023 | 09:56