Aşqarlar Kimyası İnstitutunda mühüm innovativ tətbiqi işlər yerinə yetirilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda cari ildə tətbiqyönlü elmi nəticələrin əldə edilməsi, onların tətbiqi istiqamətində mühüm tədqiqatlar yerinə yetirilib. Belə ki, institut alimləri tərəfindən xüsusi təyinatlı itiyerişli yerüstü texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən yeni motor yağı yaradılıb. Bu yeni xüsusi təyinatlı motor yağı mövcud analoqlardan bir sıra xassələrə görə üstündür.

        

Yaradılmış yeni xüsusi təyinatlı motor yağı Azərbaycan patenti ilə müdafiə olunub.

 

Strateji material olan xüsusi təyinatlı sürtkü yağlarının yaradılması ölkəmizin müdafiə qüdrətini artırır, xarici ölkələrdən asılılığını azaldır və müdafiə sənayesinin inkişafına yardım edir.

        

Yaradılmış yeni xüsusi təyinatlı motor yağının Müdafiə Nazirliyinin sərəncamında olan müvafiq xüsusi təyinatlı texnikada sınaqlarının keçirilməsi ilə əlaqədar nazirlik göstərişlər verib.

        

Eyni zamanda turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə yaradılıb.

 

Turş qudronun emal məhsulu əsasında yaradılmış əlavə Azərbaycan patenti ilə müdafiə olunub.

 

Bakı Neft Emalı Zavodunun uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş turş qudron min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaradıb. Turş qudronun emalı posesini həyata keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mühüm ekoloji problem həll olunur. Turş qudronun emal məhsulu artıq tətbiq edilir.

 

Eyni zamanda AKİ-nin aparıcı alimləri tərəfindən turş mühitdə metalları korroziyadan mühafizə edən yeni inhibitorlar sintez edilib, sınaq zamanı müəyyən olunub ki, sintez edilmiş birləşmələr metalların turş mühitdə korroziyasının qarşısını kəskin şəkildə alır (94-96%).

 

İnstitutda ilk dəfə olaraq yeni və sadə üsullar tətbiq etməklə  biosid xassəli aşqarlar alınıb, onların yağlayıcı-soyuducu mayedə yüksək bakterisid və funqisid xassələrinə malik olduğu müəyyənləşdirilib.

Həmçinin, kimyaçı alimlər aviasiyada istifadə olunan sintetik sürtkü yağının – pentaeritritin mürəkkəb efirinin 2000C-dən yuxarı temperaturlarda oksidləşməsinin qarşısını alan və bununla istismar müddətini uzadan AKİ -194 aşqarı alıb. Laboratoriya  sınaqlarının nəticələrinə əsasən məlum olub ki, AKİ -194 aşqarının antioksidant xassəsi məlum  sənaye aşqarlarından üstündür.                             

        

Həmçinin müəyyən edilib ki, AKİ-də sintez olunan bəzi yeni birləşmə sürtkü yağlarının tribiloji xassələrini kəskin olaraq yaxşılaşdırmaqla, transmissiya yağlarının yaradılmasında istifadə edilə bilər.

 

İnstitut alimləri, o cümlədən ikili və üçlü birgə polimerlər alıblar. Müəyyən edilib ki, sintez olunmuş yeni birgə polimerlər sürtkü yağlarının özlülük-temperatur xassələrini kəskin artırır, donma temperaturunu əhəmiyyətli dərəcədə aşağı salır və bu xassələrə görə müvafiq əmtəə aşqarlarından (poliizobutilen, polimertakrilat və s.) xeyli üstündür.

 

Sürtkü yağlarının yeyilməyə və siyrilməyə qarşı xassələrini yaxşılaşdıran aşqarlardan istifadə edən institut alimləri sinergetik effektə malik triboloji aşqar kompozisiyası da almağa nail olublar. Araşdırma zamanı məlum olub ki, yaradılmış triboloji aşqar kompozisiyasının triboloji xassələri eyni qatılıqda kompozisiyada istifadə edilmiş aşqarların və daha çox qatılıqda götürülmüş sənaye aşqarının (ЛЗ-23К) triboloji xassələrindən xeyli üstündür.

 

İnstitut alimləri Yüksək Texnologiya Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu və “Aşqar ” Elmi-İstehsalat Birliyi ilə birlikdə elmi-tədqiqatların kommersiyalaşdırılması ilə bağlı birgə addımlar atmaqdadırlar.

 

 



28.09.2023 | 16:08