Məktəbdən universitetə uzanan peşə yolu

2023-2024-cü tədris ilindən 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3500-dən çox şagirdi əhatə edir.

 

Niyə peşə təmayüllü sinif?

 

Bu suala cavab vermək üçün məlumata nəzər salaq. Peşə təmayüllü siniflərdə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur.

 

Məktəbinizdə peşə təmayüllü sinif yoxdursa, 9-cu sinfi bitirdikdən sonra ərizə ilə belə siniflərin təşkil olunduğu məktəblərə müraciət etmək də mümkündür. Peşə təmayüllü siniflərə keçid və burada təhsil almaq tamamilə ödənişsizdir.

 

10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.

 

4 peşədən ikisini seç

 

Peşə təmayüllü siniflərin təşkil olunduğu 196 məktəbdən biri də E.Əliyev adına 234 nömrəli tam orta məktəbdir. Məktəbdə artıq 3 ildir peşə təmayüllü siniflər təşkil olunur. Məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova “Azərbaycan müəllimi” qəzetinə deyib ki, müəssisədə “4 ixtisas üzrə peşə təmayüllü sinif fəaliyyət göstərir. X sinifdə  aşpaz köməkçisi və mebel ustası köməkçisi, XI sinifdə isə dərzi köməkçisi və İT- helpdesk üzrə bacarıqlar aşılanır: “Peşə sinifləri üzrə qrup rəhbərinin və ixtisas müəllimlərinin dəstəyi ilə müxtəlif sosial layihələrə qoşuluruq. Məsələn, keçən tədris ilində peşə təmayüllü siniflərimizin şagirdləri müəllimlərlə birlikdə uşaq sığınacağında sosial tədbir keçirdilər. Şagirdlərimiz ehtiyac olan sahələrdə uşaq evinə dəstək oldular. 3 illik təcrübəmiz göstərir ki, uşaqlarda həvəs çox böyükdür. Üstəlik, məzunlarımızın da burda qazandıqları sətiştələri müvafiq sahələrdə davam etdirdiyi barədə məlumatlar da alırıq və bu, bizi çox sevindirir”.

 

Yeniyetmə mebel ustaları

 

Onlar evdə qapısı bağlanmayan mətbəx mebeli ilə, ayağı laxlayan stulla nə edəcəklərini tezliklə öyrənəcəklər. Hələliksə, tədris ili yeni başlayıb.

 

Mebel quraşdırmağı şagirdlərə Mehman Babayev öyrədir. O, bu layihəyə start veriləndən qoşulub və şagirdlərlə işləməkdən məmnundur. Hər il 10-11 şagirdi olur: “Sinfin yarısı aşpazlıq, yarısı da mebel quraşdırma öyrənir. Adətən, oğlanlarla qızlar bölünür”.

 

Ancaq bəzən mebel quraşdırmağa qızlardan da maraq göstərənlər olur: “Ötən il qızlardan birinin marağını hiss edirdim. Fürsət tapdıqca gəlib baxırdı”.

 

Mehman müəllimin özünün emalatxanası var. Ara-sıra şagirdlərini həmin emalatxanaya da aparır: “Tanış olmaları üçün aparıram bəzən. Hətta bir şagirdim dərsdən sonra yanıma gəlib mənə kömək edir, özü isə öyrənir.  Artıq məzun olan bir şagirdim hazırda hərbi xidmətdədir, qayıdandan sonra o bu peşəni öyrənməyə davam edəcək”.

 

Maraqlıdır, özü iş sahibi olan Mehman Babayev peşə təmayüllü sinfin məzununun ona işlə bağlı müraciətinə nə cavab verər? “İşə götürmək üçün təbii ki, bəzi suallarım olar. Təmayüllü sinifdən məzun olan və uğurla  bitirərək sertifikat alan hər hansı biri bu peşədə başlamaq üçün ilkin biliklərə sahib olur, alətləri tanıyır, minimum da olsa, müəyyən bacarığı var deməkdir”, - deyir.

 

Aşpazlar iş başında

 

Yemək bişirməyi bacarmaq kimə lazım deyil? X sinfin digər qrupu - aşpazlar həyəcanla yemək hazırlayacaqları günü gözləyirlər. Hələlik evdə yemək hazırlayıb şəklini müəllimləri Şərafət Mehdiyevaya təqdim ediblər. Şərafət xanım deyir ki, yeməyi ev tapşırığı olaraq hazırlatdırıb: “Bacarıqları ilə bağlı rəyim formalaşsın deyə evdə ürəkləri istəyən bir yemək hazırlamalarını istəmişdim. Gözlədiyimdən yaxşı nəticələr aldım”.

 

Şərafət Mehdiyeva ikinci ildir məktəbdədir və uşaqların böyük marağını hər il müşahidə edir: “Oğlanlar da, qızlar da aşpazlığa böyük maraq göstərir. Bu il qızların arasında aşpazlığa maraq göstərən bir oğlan var. Dərslər yeni başladığından yemək hazırlamamışıq. Mətbəxi, orda necə davranacaqlarını, özlərinə zərər yetirməmək üçün təhlükəsizlik qaydalarını öyrənirlər. Öyrənmələri üçün bu layihə çərçivəsində onlara çox gözəl şərait yaradılıb. Ərzaqlar verilir, hazırlamaq üçün şərait yaradılır. Uşaqlar özləri hazırlayıb yeyir, həm də öyrənirlər”.

 

Dərzi köməkçiləri

 

XI sinif şagirdlərinə də 2 seçim imkanı verilir. Builki onbirincilərin dərzilər qrupunda 7 qız var. Tikiş dünyasında bələdçiləri isə Pərvanə Salmanovadır. Hələ məktəbdəykən peşələrlə tanış olmağın, peşə bacarıqlarına yiyələnməyin üstünlüklərini şagirdlərinə başa salmağa çalışır: “Bu layihə barədə eşidəndə çox sevindim. İmtahan verib yüksək nəticə ilə bu məktəbdə dərziliyi öyrətməyə başlamışam. Qızlar çox həvəslidirlər və ilk ilim olmağına baxmayaraq, artıq yaxşı nəticələr əldə etməyə başlamışam. Bu peşəni onlara sevdirəcəyimə inanıram. Əminəm ki, bu ilin sonunda uşaqlar həm təhsil alıb, həm də peşə öyrənəcək və həyatları boyu bunun üstünlüklərini hiss edəcəklər”.

 

Azərbaycan Texniki Universitetinin məzunu olan Pərvanə xanım bakalavr təhsilindən sonra müxtəlif kurslardan keçərək dərziliyə yiyələnib: “Özəl kurslarda iştirak etdim, sertifikatlar aldım, 2012-ci ildən müxtəlif yerlərdə işlədim. Qazandığım uğurlardan daha da həvəslənərək öz işimi qurdum, kiçik bir atelye açıb tikib yaratmağa başladım. Kiçik bir moda evimdə tikməyi, burada isə bacarığımı qızlara öyrətməyi sevirəm”.

 

Rəqəmsal dünyaya çıxış

 

XI siniflərin ikinci seçimi isə tikiş maşınından çox fərqlənir. Rəqəmsal dünyaya çıxış imkanı verən bu seçim də çox böyük həvəs tələb edir. Şagirdlərin kompüter otağındakı bələdçiləri isə Sadiq Ələkbərovdur. Sadiq müəllim informasiya texnologiyaları və sistemləri mühəndisliyi texniki dəstək mütəxəssisidir. III ildir ki, bu layihədə iştirak edir. Deyir, məktəbin ötənilki məzunlarının ixtisas seçimi, qəbul olunduqları yerlər onun fəaliyyətinin yaxşı nəticəsinin xəbərçisidir.

 

Nuray: “Aşpazlıq əyləncəli idi, tikib-biçmək də zövqverici olacaq”

 

Vəziyyətdən şagirdlər də çox razıdır. X sinif şagirdləri peşə öyrənməyə yeni başlasalar da, XI sinifdə oxuyan və artıq ikinci peşənin əsaslarını öyrənməyə başlayan şagirdlər əldə edəcəkləri üstünlüklərin fərqindədirlər. Nuray ali məktəbə hazırlaşır: “Mən və sinif yoldaşlarımın əksəriyyəti ali məktəbə hazırlaşsaq da, X sinifdən peşə sinfini seçdik. Peşə təmayüllü sinifdə təhsil almaq mənə çox şey qazandırdı. Keçən il  aşpazlıq peşəsini öyrətdilər, çox gözəl idi. Hər dərs yeni yemək bişirib öyrənir, çox əylənirdik. Bu il isə dərzi köməkçiləriyik. Bu peşəni də sevərək öyrənəcəyik. Hər dərs yeni bir şey öyrənir, yeni biliklər qazanırıq. Heç peşman deyiləm peşə sinfini seçdiyim üçün”.

 

Nuray Salmanlı UNEC tələbəsi olmaq arzusundadır: “İqtisadiyyat, menecment sahələri üzrə böyük marağım var. Amma ən çox maliyyə mütəxəssisi olmaq istəyirəm”.

 

İngilis dilini sevir və həvəslə öyrənir: “Çünki gələcəkdə əksər Avropa ölkələrini gəzmək istəyirəm və dil biliyinin mənə lazım olacağını düşünürəm”.

 

Gələcək arzu və planları arasında olmasa da, keçmişdə xəyallar qurub: “Balaca olanda dizayner ya da ən çox modelyer olmaq istəyirdim. Gələcək üçün bu haqda fikirləşməmişəm”.

 

Zəhranın anası: “Bizim belə şəraitimiz olmayıb”

 

Valideynlər də uşaqların peşə maraqlarından danışır, onları həvəslə izləyirlər. XI sinif şagirdi Zəhra Eminovanın anası Səfayə xanım deyir ki, onların belə şəraiti olmayıb: “Mən Göyçayda oxumuşam. Bizim belə şəraitimiz, belə imkanlarımız olmayıb. Amma uşaqlarımız məktəbi qurtarana qədər 2 peşə öyrənəcək. Uşaqlar üçün bu əvəzedilməz imkandır. Qızım riyaziyyat müəllimi olmaq niyyətindədir. Riyaziyyat və informatikaya çox böyük marağı var”.

 

Zəhra ötən il xüsusilə həyəcanlı olub, deyir anası. Aşpaz köməkçisi qrupunda iştirak edib, özü də uğurla: “Zəhra xəmir xörəklərini çox sevir. Ötən il dərsdə gürcü xəngəli hazırlamışdı. Ümumiyyətlə, layihə Zəhranın çox xoşuna gəlir, çox həvəslə hazırlaşır peşə dərslərinə”.

 

Peşə təmayüllü siniflərin əhatəsi genişlənəcək

 

Bakı şəhəri Xəzər rayonunda yerləşən 70 yaşlı bu məktəbdə 1300 şagird təhsil alır. Uğurları, nailiyyətləri olan məktəb, sadəcə peşə təmayüllü siniflərin təşkilində yox, bir çox məsələlərdə fərqlənir. Məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova “Azərbaycan müəllimi” qəzetinə deyib ki, məktəbin ötən tədris ilində məzun olan 49 şagirdindən 31 nəfəri tələbə adını qazanıb: “Həm təlim, həm də məktəbdənkənar fəaliyyətlə bağlı yüksək nəticələrimiz var. Keçən tədris ilində IV siniflər üzrə monitorinq imtahanlarının nəticəsinə görə, Xəzər rayonu məktəbləri sırasında birinci yerdəyik”.

 

Yüksək texniki peşə təhsili alanların sayı artıb

 

Məktəbdən başlayan peşə yolunda növbəti döngələrdən biri peşə təhsilidir. Peşə təhsilindən ali təhsilə keçid imkanı verən yüksək texniki peşə (YTP) təhsil səviyyəsinə maraq xüsusilə artıb.Qəbul nəticələrindən də göründüyü kimi, son 5 ildə 11 təhsil müəssisəsində, 19 ixtisas üzrə həyata keçirilir. Hazırda bu təhsil pilləsi üzrə peşə təhsili müəssisələrində 2423 nəfər təhsil alır.

 

“Tikəcəyim binanın planını düşünürəm”

 

Onlardan 1209 nəfər bu il qəbul olunub və Sərfinaz məhz həmin tələbələrdəndir.

 

Sərfinaz Musayeva Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili almağı seçib. İnteryer dizayn ixtisası üzrə burada aldığı təhsil onun gözləntilərini tamamilə doğruldub: “Artıq 2 həftədir tədrisə başlamışıq, nəinki peşiman olmaq, əksinə sevinirəm. Bu müəssisə mənim gözləntilərimdən çox yüksək səviyyədədir”.

 

18 yaşım var. Quba rayonundanam. Bakıya gələndə tələbə olacağımı düşünmürdüm. Dostum peşə təhsili almaqdan bəhs edəndə razılaşdım, amma bu qədərini xəyal etmədim”.

 

Artıq Sərfinaz xəyallar qurur, planlar cızır: “Bura gələndə heç bir fikrim yox idi. Nə edəcəyimi, nə işlə məşğul olacağımı bilmirdim. Cəmi 2 həftəyə yaxındır dərslərimiz başlayıb, artıq mən böyük planlardan danışıram. Küçədə yanından keçdiyim binaların tikilişinə baxır, tikəcəyim binanın planını düşünürəm”.

 

Üstəlik, arzuları böyüyüb, planları çoxalıb. İndi memarlığı interyer dizayn və eksteryer dizaynı ilə birləşdirməkdən danışır: “Fizika və riyaziyyatı sevirəm, texnologiyanın müasir dövrün tələbi olduğunu anlayıram. Öz üzərimdə işləyərək bir çox əlavə bacarıqlar qazanmaq, maraq və istedadım olduğunu düşündüyüm sahələri birləşdirmək istəyirəm. İnteryer dizayn edən şəxs memarla işləməlidir. Mən memarlığı da özüm bacarmaq, tikdiyimə özüm dizayn vermək istəyirəm”.

 

Yüksək texniki peşə təhsili aldığı üçün məzun olduqdan sonra seçdiyi müəyyən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul oluna bilər. O, bu imkanı qiyabi dəyərləndirəcəyini deyir.

 

“Bir gün iş quracağamsa, bu, restoran işi olacaq”

 

Nurlan Əliyev isə Turizm və  Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyur. 2005-ci il təvəllüdlü tələbə 329 nömrəli tam orta məktəbin məzunudur. XI sinfi bitirdikdən sonra peşə təhsili müəssisələrinə qəbulda iştirak edib. Hazırda “Restoran və mehmanxana işinin təşkili” ixtisası üzrə yüksək texniki peşə təhsili alır. Turizmə çox böyük marağı olub. Peşə təhsilini bitirib mehmanxanada işləyəcək, amma sonra iş adamı, sahibkar olmağı planlaşdırır. Özünün restoranı olsun istəyir: “Anamla da danışmışıq. O da planlarımı dəstəkləyir. Bir gün iş quracağamsa, bu, restoran işi olacaq”.

 

Oxuduğu təhsil müəssisəsində restoran və mehmanxana işi üçün ona lazım olan dərslər var. Amma o da bununla kifayətlənməyəcək. Daim öz üzərində işləyəcək, özünü inkişaf etdirəcək, ali təhsil alacaq: “Turizm və menecment universitetində təhsilimi davam etdirəcəyəm. Çalışacaq, sonra şəxsi biznesimi də quracağam”.

 

Gələcəkdə otel sahibi olacağının xəyalını qurur

 

Aysu Nuriyeva da Turizm və  Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. O, burada “Restoran və mehmanxana işinin təşkili” ixtisası üzrə yüksək texniki peşə təhsili alır: “Siyəzən rayonundanam. Gəzməyi çox sevirəm. IX sinifdə oxuyanda turla Qəbələyə getmişdik. Tur bələdçisinin fəaliyyətindən təsirləndim. Düşündüm ki, bu fəaliyyəti mən də bacararam, hətta mən daha yaxşısını edərəm”.

 

Aysu özünə çox güvənir. Özünü bu sahədə inkişaf etdirəcəyini, bacarığını daha yüksəklərə daşıyacağına inanır. Peşə təhsili pilləsindən sonra universitet təhsili almağı da düşünür. Avrasiya universitetinin, ya da UNEC tələbəsi olacaq.  Gələcəkdə otel sahibi olacağının xəyalını indidən qurmağa başlayıb.

 

YTP-nin qaranquşları

 

İlk YTP məzunları bu il ali məktəblərə qəbul imtahanlarına müsabiqədənkənar qatıldılar. YTP-dən məzun olan 24 nəfərdən 22-si ali təhsil almaq üçün müsabiqədə iştirak edib və 21 nəfər bu hüququ qazanıb. Həmin tələbələrdən biri də Nərgizdir.

 

“Peşə təhsili inkişafıma kömək etdi”

 

Nərgiz Ağazadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. O, “Təsviri incəsənət müəllimliyi” ixtisasına yiyələnir.

 

Nərgiz IX sinfi bitirən kimi peşə təhsili müəssisələrinə qəbulda iştirak edib. Turizm və  Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıb: “IX sinfi pandemiya dövründə bitirdim. Yaxınlarımın məsləhəti ilə peşə təhsili almağa qərar verdim. Təhsilim uğurlu oldu. Peşə təhsili mənə çox şey qatdı, inkişafıma kömək etdi”.

 

Nərgiz Ağazadə deyir şəkil çəkməyi sevir: “Ancaq şəkil çəkmək istəyirəm. Buna baxmayaraq, sadəcə müəllimliklə də kifayətlənməyəcəyəm. Çünki peşə təhsili müəssisəsində bizə əlavə dərslər keçib, bir çox başqa bacarıqlar aşılayıblar. Moda-dizayn haqqında bilgilərim, müəyyən təsəvvürüm, hətta təcrübədə də istifadə etdiyim bacarığım formalaşıb. Bunlardan da istifadə etməyi düşünürəm. Hətta özümü bir az da inkişaf etdirib interyer dizaynı ilə də məşğul olmağın xəyalını qururam. Bütün bunlara gələcəkdə nail olacağam. Öz işim, öz biznesimin olmaması üçün bir səbəb görmürəm. Özümə güvənirəm”.

 

Peşə təhsili özünə güvənənlərin yoludur. Bu yol illər keçdikcə genişlənəcək, yolçuları çoxalacaq. Bəs, siz bu yolda yerimək istəmirsiniz?

 

Ruhiyyə DAŞSALAHLI

 



29.09.2023 | 09:24