60 il müəllimlikdə

“Azərbaycan müəllimi” məni tərifləyib deyib arxivindən 1959-cu ilin noyabrında işıq üzü görmüş qəzetin 91-ci sayını çıxartdı. Haqqında bəhs edən məqalədə Heybət Hüseynovun öz kəndində xalq coğrafiya terminləri yaradan müəllimlərimizdən biri olduğu qeyd edilib.

 

“Azərbaycan müəllimi” ilk dəfə ondan yazanda müəllimliyin başında, karyerasının lap əvvəlində idi. Onda hələ məktəbdə, şagirdlərinin arasındaydı Heybət müəllim. Pillələri yenicə qalxmağa başlamışdı. Ancaq gördüyünüz kimi, gənc olmağına baxmayaraq, könülləri fəth etməyi bacarmış, müəllimliyindən bəhs etdirməyə nail olmuşdu.

 

Astarada 60 il sinfə müəllim kimi girib dünyanın enişini-yoxuşunu, əyrisini-düzünü anladan o müəllimdən çox yazılıb, hətta film çəkilib. Elə özü də pis yazmır. İndiyə qədər  ixtisasından, ixtisasını tədris etməyin incəliklərindən xeyli məqalə yazıb. Yəni, sadəcə dərsə girib uşaqlara Yerin hər yerdə eyni olmayan landşaftını anlatmayıb, həmkarlarına da bu fənni ən yaxşı necə anlada biləcəklərinin sirrini yazıb.

 

“Əməkdar müəllimlərimizi tanıyaq” rubrikasının növbəti qonağı, sahibi, qəhrəmanı Heybət Hüseynovdur. Təhsil sistemindən uzaqlaşmış, təqaüddə də olsa, hələ də MÜƏLLİM adı daşıyan,  “Əməkdar müəllim” maaşı alan müəllimimizdir. 60 il müəllimlik etmiş 90 yaşlı müəllimdən müəllimlikdən başqa nə gözləmək olar ki?!

 

Gəlin, o müəllimi tanıyaq.

 

15 gün çəkən ilk müəllimlik təcrübəsi

 

O, Heybət Hüseynovdur.  Astara şəhərində 1934 -cü ildə bir sadə fəhlə ailəsində doğulub. Hərfləri tanımadan Mirzə Ələkbər Sabirin adını öyrənib,  Astara şəhərində satira ustadının adını daşıyan məktəbə addım atdığı gündən. El dili ilə desək, oxuyub adam olmaq üçün var gücü ilə çalışıb. Yaxşı oxuyub və bu səbəbdən müəllimlərinin gözünün işığı olub. Uğurla orta təhsilini tamamlayıb ali təhsil almağa gedib. Təbii ki, o vaxt V.İ.Leninin adını daşıyan Azərbaycan Pedaqoji İnstitutuna. Amma tələbəlikdən əvvəl əməyi, zəhməti tanıyıb: “İnstituta bir il gec getdim. Pulumuz yox idi, məni oxumağa kim göndərəcəkdi? Bir il Pioner Evində kütləvi işçi işlədim”.

 

Sonra ali məktəbə qəbul üçün müsabiqəyə qatılıb. Müsabiqədə də qaliblərdən olub. İnstituta girib girməyinə, amma institut illəri elə də asan olmayıb: “Bir il instituta qaloşla getdim. Əynimə atamın sırıqlısını geyinirdim”.

 

Yoxluğun üzü qara olsun, əziyyət çəkib yoxluqdan, amma heç utanmayıb. Utandıran da olmayıb, əslində. O da əynində sırıqlı, ayağında qaloşla Leninin qurduğu fəhlə-kəndli hökumətində, Lenin adını daşıyan institutda müəllim olmağa vəsiqə qazanıb. Fəhlə oğlu gənc tələbə bacılarının dəstəyi ilə ali təhsil alıb: “Coğrafiya müəllimliyi ixtisası üzrə təhsilimi uğurla tamamladım. Bu müddətdə qrup rəhbəri oldum, təşkilati işlər gördüm. Çox fəal tələbə idim. Müəllimlərim, dekanımız məni çox istəyirdi”.

 

Məktəbi olduğu kimi, institutu da müəllimlərinin sevimlisi olaraq tamamlayıb və təyinatını götürüb Astaraya qayıdıb. İlk müəllimlik təcrübəsi rayon mərkəzindən 3 kilometr uzaqlıqda olan kənddə cəmi 15 gün çəkib: “Astarada ilk iş yerim Suparibar kənd məktəbi oldu. Bu müddət ərzində müəllim kimi öz fərqimi göstərə bildim və məni Astara şəhər Fəhlə-Gənclər orta məktəbinə dərs hissə müdiri vəzifəsinə təyin etdilər”.

 

“Dərsini təhlil etdiyim müəllim alim imiş”

 

2 il burada işlədikdən sonra öz oxuduğu məktəbdə müəllim işləmək şansı yaranıb və o, bunu əldən verməyib: “Vəzifə yox, müəllimlik etmək istəyirdim, müəllim kimi hörmət qazanmaq idi niyyətim. Öz oxuduğum məktəbdə müəllimlik fəaliyyətinə başladım və bu peşədə bacarıqlarımı nümayiş etdirdim. Coğrafiya kabineti, Coğrafiya meydançası yaratdım məktəbdə. 1962-ci ilin fevral ayında nazirlikdən məktəbimizə gəlmişdilər, mənim dərsimi də dinlədilər. Gördülər ki, məktəbdə ancaq coğrafiya müəlliminin işi var”.

 

Rayona gələnlər geri əliboş qayıtmayıblar. Astaralı gənc müəllimin metodikasını da özləri ilə aparıblar: “Müəllimləri Təkmilləşdirmə İnstitutunda lövhə yaradıb orada mənim iş təcrübəmi paylaşdılar. Qısa müddətdə metodikam, müəllimlik bacarığım danışılmağa başladı və məni 1962-ci ilin oktyabrında Moskva şəhərində keçirilən qabaqcıl müəllimlərin ümumittifaq toplantısına göndərdilər. Orada da çox fəal oldum. Tədbir çərçivəsində bir məktəbdə dərsləri dinlədik. İştirak etdiyim dərsi təhlil etdim. Sonradan bildim ki, dərsini təhlil etdiyim müəllim alim imiş”.

 

Sonra fəaliyyətinə yeni açılan İnternat məktəbində davam edib. Əvvəlcə müəllim və baş tərbiyəçi, sonra dərs hissə müdiri olub.

 

1968-ci ildə artıq 1 nömrəli orta məktəbdə dərs hissə müdiri idi: “1972-ci ilin sentyabrında məni Giləkəran kəndində dağılmış bir məktəbə direktor qoydular. Sonra həmin məktəb ayağa qalxdı və 4 nömrəli tam orta məktəb oldu. Mən ayağa qaldırdım o məktəbi. Sonra rayon mərkəzindən 1 kilometr məsafədə olan Rudəkənar kənd 8 illik məktəbinə direktor təyin olundum. Bu kənd atamın doğulub böyüdüyü kənd idi. 1980-ci ildə Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli orta məktəbinə, yəni özümün oxuduğum məktəbə qayıtdım, bu dəfə direktor kimi. 1988-ci ilin dekabrında Astara İnternat məktəbinə direktor təyin olundum. Bu məktəb də sonradan 5 nömrəli orta məktəb adlandırıldı”.

 

Mübariz müəllim

 

Bu müəllim 60 il həm danışıb, həm yazıb. Araşdırmaqda mahir olduğu da artıq sirr deyil. Ancaq lazım gələndə coğrafi terminlərdən kənara çıxıb, qanunları belə araşdırıb. Ömrü mübarizədə keçib. Mübarizə aparıb, haqqını arayıb, pozulan hüququnu bərpa etməyi də yaxşı bilib. Müəllimdir axı o, əsl müəllim. Müəllim, sadəcə deyərək öyrətmir ki, həm də göstərərək, nümunə olaraq öyrədir. O da bir nümunədir, bir  müəllim nümunəsi:  “1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətə gələndə məni əsassız şəkildə vəzifədən azad etdilər. Qanunsuz qərar olduğu üçün məhkəməyə verdim və qərarı ləğv etdirdim”.

 

Bu mübarizədən qalib çıxan Heybət müəllim düz 2011-ci ilə kimi müəllim işləyib. İşləməklə qalmayıb, müəllimlikdə ucalıb. Belə ki, Astaranın coğrafiya müəlliminin məktəbdə yaratdıqlarını o vaxt baş nazirin müavini olan Elçin Əfəndiyev də Astaraya gələndə görüb. Heybət müəllim üçün bu görüş unudulmaz olduğu kimi, görüşün nəticəsi də yaddaşına ömürlük həkk edilib: “2007-ci ilin oktyabrın 3-də ölkə Prezidentinin Sərəncamı ilə təltif olunanlardan biri də mən oldum və “Əməkdar müəllim” fəxri adını aldım”.  

 

Təqaüdçü müəllim

 

Artıq təqaüddədir. Yaşı təqaüd yaşına çatdığı üçün məktəbdən ayrılmalı olub. İşdən ayrılsa da, müəllimlikdən uzaqlaşmayıb: “İşlədiyim dövrdə dərs keçdiyim, hazırladığım uşaqlar arasında yüksək balla ali məktəblərə qəbul olunan, hətta Prezident təqaüdçüləri oldu. İndi həmin uşaqlardan Londonda, Amerikada, Polşada yaşayıb işləyənlər var. Bayramlarda, xüsusi günlərdə zəng edib məni təbrik edir, diqqətdə saxlayırlar”.

 

Onun yetişdirdiyi uşaqların hamısı bu qədər uzaqda deyil: “Məktəbimizdə indi dərs deyənlər mənim şagirdlərim olub”.

 

Ruhiyyə DAŞSALAHLI

 



29.09.2023 | 15:14