Müəllimlər Gününə həsr olunan intellektual turnir keçirilib

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan intellektual turnir keçirilib.

 

Pedaqoji profilli və təhsilin idarə edilməsi ixtisaslarında təhsil alan 18 komandadan ibarət 90 tələbənin iştirakı ilə təşkil olunan turnirin məqsədi gənclərin maarifləndirilməsi, fərdi və sosial inkişafın təmin olunması, həmçinin onların intellektual, analitik düşüncə qabiliyyətlərinin artırılmasına dəstək göstərməkdir. 

 

Təhsil mövzusunda təşkil olunan 3 turdan ibarət intellektual turnirin sualları Azərbaycanın təhsil siyasəti, xüsusi əhəmiyyətli günlərin tarixi və digər müvafiq mövzulara həsr edilib. Suallar tələbələrin pedaqoji bacarıqları, eləcə də təhsilin idarə edilməsi üzrə bilik və analitik bacarıqlarını yoxlamaq məqsədilə hazırlanıb.  

 

Yarışda qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunub.

 

 



05.10.2023 | 12:30