Pedaqoji Universitetdə qocaman müəllimlərlə görüş

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərən və hazırda təqaüddə olan qocaman müəllimlərlə görüş keçirilib.

 

Universitetin İnsan resursları şöbəsi və Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə baş tutan görüşdə rektor professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova və HİK-nın sədri dosent Vaqif Əliyev iştirak ediblər.

 

Çay süfrəsi ətrafında səmimi söhbət şəraitində keçən görüşdə çıxış edən rektor C. Cəfərov qeyd edib ki, bir əsrdən artıq tarixə malik Pedaqoji Universitet bu günlərə məhz fədakar müəllimlərin sayəsində gəlib çatıb:”Vaxtilə ADPU ailəsinin üzvü olan, universitetin inkişafına töhfələr verən hər bir müəllimimiz bizim üçün olduqca dəyərlidir”.

 

Qeyd olunub ki, universitet özünün “Ənənələrə sadiq, yeniliklərə açıq”- şüarına uyğun olaraq, aparılan sürətli yenilənmə ilə yanaşı, daim qocaman alimləri diqqət mərkəzində saxlayır, onlarla mütəmadi görüşlər təşkil olunur, müxtəlif tədbirlərə dəvət edilirlər.

 

Öz növbələrində müəllimlər də ADPU-da çalışdıqları uzun illər haqqında təəssüratlarını bölüşüb, Pedaqoji Universitetin hər zaman onlara doğma bir ocaq olduğunu vurğulayıb, universitetlə daimi əlaqə saxladıqlarını deyiblər.

 

Sonda ADPU rəhbərliyi adından universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə qocaman müəllimlərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

 



05.10.2023 | 14:13