Azərbaycan təhsili son 20 ildə

Tarix sübut edir ki, yalnız güclü dövlətçilik ənənələrinə sahib olan ölkələr öz gələcəyini təmin edə və inkişafa nail ola bilərlər. Böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan son 20 il ərzində Heydər Əliyev siyasətini uğurla davam etdirən, güclü dövlət başçısının - möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Şanlı Zəfər tarixini yaşayır. Ulu Öndərin  2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri artıq günümüzün reallıqları ilə səsləşir. 2003-cü il oktyabrın 3-də siyasi hakimiyyətə gələn İlham Əliyev tərəfindən son illər ərzində ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatları və onun nəticələrini hər bir vətəndaşımız öz həyatında hiss edir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti Azərbaycanın perspektiv inkişafı üçün sağlam təməl formalaşdırıb. Ötən 20 il Azərbaycanın təhsil, elm sahəsinin sürətli inkişaf templəri ilə yadda qalıb. Son 20 ildə təhsil sahəsində qazanılan uğurların qısa xronikasını oxucularımızla bölüşməyi vacib hesab etdik. 

 

Davamlı inkişafın təməli

 

Məlumdur ki, təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Keyfiyyətli təhsilin modern təhsil mühitində formalaşması şübhə doğurmur. Bu mənada dövlət başçısı İlham Əliyevin 2003-cü ildə Prezident seçiləndən bir il sonra 2004-cü ildə Azərbaycanın bütün gələcək inkişafını müəyyən edən “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı qəbul etməsi, “2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ölkəmizin müasir inkişaf modelinin yaranmasına səbəb oldu. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. 2003-2021-ci illər ərzində 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, başqa sözlə, ölkənin bütün məktəblərinin 76 faizinin binası yeni tikilib və ya əsaslı təmir olunub. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olub. Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verib.

 

Ali təhsilin inkişafı

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ali təhsilin inkişafı prioritet vəzifəyə çevrilib. Belə ki,  ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilib, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 212 minə çatdırılıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, həmçinin dünyada tanınan  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılıb. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb. Bundan əlavə, Prezident İlham Əliyevin təşəbbüsü ilə İtaliya-Azərbaycan Universiteti yaradılıb.

 

Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli Sərəncamı bu baxımdan vacib əhəmiyyət kəsb edir. Sərəncama əsasən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” layihəsi hazırlanıb və uğurla həyata keçirilib.

 

Keyfiyyət dəyişikliklərinin əsası

 

Prezident İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması Azərbaycan təhsilində keyfiyyət dəyişikliklərinin əsasını qoyub. Dövlət Strategiyasının qəbulundan keçən son 10 il ərzində təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək məqsədyönlü təşəbbüslərə start verilib. Prezident İlham Əliyevin dövlətçilik siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib, onların 70-80 faizi 51 və daha çox bal toplayıb, əməkhaqları isə 35 faiz artıb.

 

Təhsilin bütün pillələrini əhatə edən bu tədbirlər həm də ölkədə müəllim nüfuzunun yüksəlməsinə xidmət edən keyfiyyət dəyişiklikləridir. Son illərdə müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib, nəticədə ümumi təhsil müəssisələrində vakant yerlərin 100 faiz tutulması təmin olunub. Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

 

Dövlət Strategiyası çərçivəsində aparılan islahatların nəticəsidir ki, ali məktəbə qəbulda müəllimlik peşəsini seçənlərin sayında ciddi artım var. Əvvəllər 18 min insan müəllim olmaq istəyirdisə, artıq belə şəxslərin sayı 50-55 min nəfərə çatıb.

 

Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verməkdədir.

 

 Erkən təhsil

 

Məlumdur ki, məktəbəqədər təhsil bütün dünyada təhsil prosesinin ilkin mərhələsi olmaqla mühüm əhəmiyyət daşıyır. Məktəbəqədər təhsilin uşağın sonrakı inkişafında müstəsna əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən məktəbəqədər təhsilin inkişafı ilə bağlı 2007-2010-cu illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və həyata keçirilib. Proqrama əsasən, ölkədə yüzlərlə yeni məktəbəqədər təhsil müəssisələri inşa edilib və mövcud müəssisələr əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var və bu uğurlu fəaliyyət hazırda da davam etməkdədir.

 

Son illər təhsil siyasətində məktəbəhazırlıq da prioritet istiqamətlərdən birini təşkil edib, ilk dəfə olaraq dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2003-cü ildəki 15 faizdən 90 faizə çatdırılıb ki, bu da ən böyük uğurlardan biri hesab oluna bilər. Növbəti illərdə bütün 5 yaşlıların məktəbəhazırlığa cəlb edilməsi istiqamətində tədbirlər nəzərdə tutulub.

 

Rəqəmsallaşma, innovasiyalar

 

Prezident İlham Əliyevin təhsil sistemində İKT-nin geniş tətbiqinin təmin olunması barədə müvafiq sərəncamları, ümumtəhsil sistemində təhsilin keyfiyyətinin yüksəlişini təmin edib. Bu, xüsusən də məktəblərin kompüterlə təminatının yaxşılaşdırılması ilə bağlıdır. Son illərdə məktəblərimizdə şagird-kompüter nisbətində ciddi artım var. Əgər 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2023-cü ildə 11 şagirdə 1 kompüter düşür. Yaxın 5 ildə isə  6 şagird-1 kompüter nisbətində təmin olunması nəzərdə tutulur.

Ölkə üzrə 4331 məktəb artıq Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub.

Məlumdur ki, müasir dünyada elm, texnologiya və innovasiyalar cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bu mənada Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada trendə çevrilmiş STEAM yanaşmasının məktəblərimizdə tətbiqinə başlanması son illərin ən uğurlu yeniliklərindən biridir. Ölkəmizin üzləşdiyi pandemiya şəraitində belə  Heydər Əliyev Fondu tərəfindən “STEAM Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndirilib.

 

2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb. Layihənin əsas məqsədi “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi və  yeni yanaşmanın tətbiqidir. Bu il layihə 410 mindən çox şagirdi əhatə edəcək.

 

Təkmil təqaüd sistemi

 

Azərbaycan Prezidenti tərəfindən son illərdə ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Ali təhsildə təqaüd sistemi təkmilləşdirilib, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib. Prezident İlham Əliyevin 2023-cü il 13 yanvar tarixli müvafiq fərman və sərəncamı ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün və dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb. 

 

Xaricdə təhsil ənənəsi 

 

Son 20 ildə Azərbaycanın müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərə ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olub. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalanıb. Proqram çərçivəsində ümumilikdə 5 min nəfərdən artıq Azərbaycan vətəndaşı dünyanın aparıcı universitetində təhsil almaq hüququ qazanıb.

 

Bu sahədə müasir çağırışlar nəzərə alınmaqla Prezident İlham Əliyev tərəfindən 16 noyabr 2018-ci il tarixində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini müstəsna dərəcədə əhəmiyyətli edib. Dövlət Proqramına uyğun olaraq ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti, Koreya Respublikasının İnha ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında beynəlxalq ikili diplom proqramlarının icarasına başlanılıb.

 

Ölkə başçısı tərəfindən 30 sentyabr 2021-ci il tarixdə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” müvafiq Sərəncamın imzalanması isə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsinin davam etdirilməsi, gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə yönəlib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı təsdiq edilib.

Dövlət Proqramı çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 353 nəfər (80 nəfər bakalavriat, 273 nəfəri isə magistratura), 2023-2024-cü tədris ili üzrə isə 381 nəfər (67 nəfər bakalavriatura, 314 nəfər isə magistratura) xaricdə təhsil almaq  imkanı əldə edib. Sevindirici haldır ki, Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetində - 9 nəfər  Harvard Universitetində, 2 nəfər Massaçusets Texnologiya İnstitutunda, 2 nəfəri Oksford Universitetində, 8 nəfəri London İmperial Kollecində, 2 nəfəri isə İsveçrə Federal Texnologiya İnstitutu və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.

 

Bərabər imkanlar, əlçatanlıq

 

Yüksək dövlət qayğısının nəticəsidir ki, Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə 17 iyun 2021-ci ildə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Ölkəmizdə vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmış bu qərar sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək kimi qiymətləndirilir. Statistikaya nəzər yetirdikdə görərik ki, Fonda yarandığı gündən 2023-cü ilin 20 sentyabr tarixinə qədər ümumilikdə 32745 müraciət olunub. Onlardan 23477-si məqbul cavab alaraq kreditləri rəsmiləşib.

 

Peşə təhsilinin yüksəliş dövrü

 

Ölkəmizdə peşə təhsilinin yüksəliş dövrü İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu dövrdə  peşə təhsili pilləsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı ildə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə “Peşə təhsili haqqında” Qanunun təsdiq edilməsi, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması dövlətin peşə təhsili və təliminə diqqət və qayğısının bariz nümunəsidir. Son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb. Koreya təhsil standartları əsasında təsis edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilindən etibarən yüksək texniki peşə - subbakalavr səviyyəsinin tədrisinə başlanılıb. Peşə təhsili müəssisələrinə qəbulun 25 minə qədər artması isə bu sahənın cəlbediciliyindən xəbər verir.

 

Ölkə başçısı peşə təhsili pilləsinə xüsusi həssaslıqla yanaşır və bu barədə çıxışlarında bildirir: “Mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var...Peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır”.  Prezidentin bu çağırışına uyğun olaraq 2019-2020-ci tədris ilində 25-dən çox ümumi təhsil məktəbində peşə təmayüllü siniflər açılıb ki, bu da şagirdlərin məktəb illərində ilkin peşə bacarıqlarına yiyələnməsinə imkan yaradır. 2023-2024-cü tədris ilindən isə 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3500-dən çox şagirdi əhatə edir. 

 

Vətənpərvər gənclik

 

Prezident İlham Əliyevin  çoxşaxəli praqmatik dövlətçilik kursunda gənclər siyasəti önəmli yer tutur. Ölkənin gələcəyi üçün məsuliyyət daşıyan vətənpərvər gənclik yetişib. Bu, özünü 44 günlük Vətən müharibəsində də göstərib. Gənclərimiz İkinci Qarabağ müharibəsində azğın düşmənə layiqli cavab verərək ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına öz tarixi töhfəsini verib.

 

Ölkə başçısı çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışaraq İkinci Qarabağ müharibəsində bunun öz əksini tapdığını bildirib: “Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular”.

 

Beləliklə də  Prezident İlham Əliyev gənclərimizin milli-mənəvi dəyərlərə sadiq, Vətənpərvər ruhda böyüməsini prioritet vəzifə kimi dövlət strategiyasının mühüm istiqamətlərindən hesab edir. Azərbaycan məktəbi, müəllimi dövlət başçısının bu çağırışına cavab olaraq özünün fəaliyyətində yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir. 

 

Böyük Zəfərin işığında Qarabağ təhsili

 

Ali Baş Komandan, müdrik dövlət başçısı İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti, Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq sayəsində torpaqlarımız düşmən işğalından azad olundu. Böyük Zəfərin işığında əzəli torpaqlarımızda təhsilimizin inkişafı üçün də ciddi fəaliyyətlərə başlandı. Ölkə başçısının müvafiq sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil idarələrinin yaradılması Qarabağımızda təhsilin inkişafına diqqət və qayğının göstəricisidir. Tezliklə yeni təhsil müəssisələrinin təməli qoyuldu.  Prezident İlham Əliyev 2021-ci il mayın 12-də Şuşada 1 nömrəli ümumtəhsil məktəbin, daha sonra 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli məktəbin yeni binasının təməlini qoyub. Ötən il 15 sentyabrda Azərbaycan təhsili üçün ən əlamətdar bir hadisə yaşandı, Qarabağ və Şərqi Zəngəzurun ilk təhsil zəngi doğma torpaqlarımıza Böyük Qayıdışın ilk ünvanı olan Ağalıda çalındı. Bu tədris ilində isə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk zəng səsi eşidildi.

 

2023-2024-cü tədris ilində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil müəssisələrinin tikinti və təmir işləri davam etdiriləcək. Növbəti mərhələdə Şuşada, Zabux kəndində, Ağdamda,  Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda, Füzulidə müasir təhsil müəssisələrinin inşa olunaraq istifadəyə verilməsi günü də uzaqda deyil. Bu gün, görkəmi dəyişən Şuşamızda 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlama işləri aparılır və təhsil ocağının növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulub.

 

Beləliklə, son 20 ildə ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.

 

Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsasını təşkil edir, milli tərəqqinin yeganə yolunun təhsildən keçdiyini əyani surətdə göstərir.

 

Oruc MUSTAFAYEV

 

 



06.10.2023 | 09:40