50 gənc qızın təhsilinə dəstək

Təhsilin İnkişafı Fondu (TİF) əsas fəaliyyət istiqamətləri enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri olan beynəlxalq şirkətlər qrupu NEQSOL Holdinqlə yeni razılaşmaya imza atıb. Dünya üzrə 25 milyondan çox müştəriyə xidmət edən şirkətlə həmin razılaşmaya əsasən, 50 qızın təhsilinə dəstək veriləcək. Qızlar aztəminatlı ailələrdən olan tələbələr arasından müraciət əsasında seçiləcək.

 

Onları kim seçəcək?

 

Beləliklə, TİF daha 50 qıza keyfiyyətli təhsil ala bilmək, özünü inkişaf etdirmək, yaxşı təcrübə və iş tapmaqda dəstək olacaq. TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “Azərbaycan müəllimi”nə layihə haqqında məlumat verərək deyib ki,  əldə olunan razılaşmaya əsasən, müraciətçilər arasından 50 qızı TİF və NEQSOL Holdinqin birgə yaratdığı komissiya seçəcək.

 

NEQSOL Holdinqin Qrup üzrə Baş Maliyyə Direktoru,  Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə seçimin şəffaf olacağını deyib: “Seçimi yaradılacaq peşəkarlardan ibarət komissiya aparacaq. 50 tələbə qız şəffaf şəkildə seçiləcək. Bu prosesə Təhsilin İnkişafı Fondu rəhbərlik edəcək”.

 

50 nəfərin tərkibi müəyyənləşdirilərkən NEQSOL-un öncəliyi nə olacaq?

 

İmran Əhmədzadə qəzetimizə müsahibəsində bildirib ki, tələbələrin akademik göstəricilərinə də diqqət yetiriləcək: “İlk növbədə I-II kurslarda təhsil alan tələbələri seçməyə çalışacağıq. I-II kurslardan başlamaq o deməkdir ki, onların təhsili bitənə qədər dəstək verəcəyik. NEQSOL Holdinqə daxil olan şirkətlərin profilinə və iş istiqamətinə uyğun ixtisaslarda təhsil alan tələbələrin seçilməsinə üstünlük veririk. Eyni zamanda bir sıra amillər də nəzərə alınacaq. Onlardan biri də tələbələrin akademik göstəriciləridir. Çünki biz qızların təhsilinə maddi dəstəklə yanaşı, onların sonrakı peşəkar həyatında da müəyyən rol almağı nəzərdə tuturuq”.

 

TİF-in gənc qızların təhsilinə yönəlik növbəti layihəsi

 

Beləliklə, TİF-in qızların təhsilinə dəstək məqsədli növbəti layihəsi hazırdır.

Xatırladaq ki, bundan əvvəl, yəni ötən dərs ilindən başlayan Hənifə Məlikova adına gənc qızların təhsilinə dəstək təqaüd proqramı 25 gənc qızı əhatə edir. Onlara ayda 200 manat olmaqla təqaüd verilir. Eyni zamanda qızlara yumşaq bacarıqlarla bağlı təlim keçirilib, ayda bir dəfə mentorluq proqramı çərçivəsində “Yüksəliş” müsabiqəsi qalibləri, uğurlu qadın iş adamları, dövlət qurumlarında çalışan xanımlarla görüşlər olub. Bu yolla onların bacarıqları artırılır. Elnur Nəsibovun sözlərinə görə, 25 qız bu il də sözügedən təqaüd proqramından yararlanacaq: “Yeni proqram təqaüd proqramından bir az da irəli gedib. Burada təhsillərinə ayrılan təqaüd, mentorluq bacarıqlarının inkişafı, peşəkar biliklərinin artırılması, master-klasslardan başqa, təcrübə qazanan və fərqlənənlərin holdinqin şirkətlərində işə cəlb edilməsi nəzərdə tutulub. Bu layihə ilə sadəcə qızların təhsilinə maddi dəstək vermirik, həm də onların sonrakı peşəkar həyatında uğurlu olmasına çalışırıq”.

 

TİF - NEQSOL əməkdaşlığı

 

Elnur Nəsibov NEQSOL-un  dəstəyi ilə başlayan yeni layihəni “dövlət və özəl tərəfdaşlığının yaxşı bir nümunəsi” hesab edir: “NEQSOL şirkəti ilə Təhsilin İnkişafı Fondu arasında belə bir əməkdaşlıq razılaşmasının imzalanması böyük bir hadisədir”.

 

E.Nəsibov başqa şirkətlərin də maraq göstərdiyini vurğulayaraq yeni tərəfdaşlığın başqa tərəfdaşlıqlara stimul verəcəyinə inandığını deyib: “Təhsilin İnkişafı Fondu çalışmalarını davam etdirir. Gələcəkdə qızların sayı artırıla, dəstək verən şirkətlərin sayı çoxala bilər”.

 

“Ən yaxşı tərəfdaşlıq sosial  sərmayədir”

 

Yeni tərəfdaşlıq razılaşması Elm və Təhsil Nazirliyində yüksək dəyərləndirilir. “Bir qızın taleyinə toxunacaq layihəyə texniki məsələ kimi baxmaq mümkün deyil”, - deyən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli başqa şirkətlər üçün bu əməkdaşlığın nümunə olacağına inanır. Onun sözlərinə görə, nazirliyin, dövlət orqanlarının ən vacib məsələlərindən biri də tərəfdaşlıqların formalaşmasıdır: “Ən yaxşı tərəfdaşlıq sosial  sərmayədir. Bu, bizim üçün də, ölkədə fəaliyyət göstərən özəl şirkətlər üçün də nümunə təşkil edir. Ümid edirik ki, bu əməkdaşlığın nəticəsi başqa layihələrə yol açacaq, yeni əməkdaşlıqlara həvəsləndirəcək”.

 

Təhsilli qız - təhsilli millət!

 

“Qızlarımızın zəmanə dərsi oxumaları vacibdir”, - deyən H.Z.Tağıyevin bir neçə il çəkən ağır mübarizələrdən sonra açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində çevrilişə səbəb oldu. O vaxtdan sonra əsr dəyişib, hələ də təhsilli qız millətin, dövlətin və təhsilin prioritetidir. Axı təhsilli qız düzgün istiqamətləndirilmiş fərd, yaxşı yetişdirilmiş insan deməkdir. Təhsilli qız təhsilli ailə, dünyagörüşlü millət, sürətlə inkişaf edən dövlətdir.

 

Ruhiyyə DAŞSALAHLI 

 



06.10.2023 | 10:35