Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmik tədqiqatlar laboratoriyasının nümayəndələri BDU-da olub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmos tədqiqatları laboratoriyasının Beynəlxalq əməkdaşlıq və mübadilə Mərkəzinin direktoru Vanq Jonqminin (Wang Zhongmin) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Rektor E.Babayev qonaqlara BDU-nun tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Ölkədə astrofizika sahəsində yeganə kafedra məhz BDU-da fəaliyyət göstərir. Həmçinin BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Astrokosmik və atmosfer tədqiqatları elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

 

Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmos tədqiqatları laboratoriyasının Beynəlxalq əməkdaşlıq və mübadilə Mərkəzinin direktoru Vanq Jonqmin kosmik tədqiqatlar sahəsində Azərbaycan-Çin əlaqələrinin perspektivlərindən, Çində bu sahədə yerinə yetirilən tədqiqatlardan danışıb, rəhbərlik etdiyi qurumun BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 



09.10.2023 | 09:35