Botanika İnstitutunun əməkdaşları Dağlıq Şirvan bölgəsində ekspedisiyada olublar

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Biomorfologiya və fitointroduksiya şöbəsinin əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Yusif Zeynalov, Eldar Əliyev, Gülnar Qasımova,  Elmira Səfərova və elmi işçi Şəbnəm İsayeva İsmayıllı rayonunda ekspedisiyada olublar.

 

Ekspedisiyanın məqsədi payız mövsümündə meşə ekosistemlərində fitosenoloji tədqiqatların aparılması, Azərbaycan florasının “Qırmızı kitabı”na düşən bəzi nadir bitki növlərinin kultura şəraitində introduksiyasının öyrənilməsi, eyni zamanda Karrar Dayaq Məntəqəsində kolleksiyasının yaradılması üçün toxum və əkin materialının toplanması olub.

 

Model meydançalar seçilərək orada fenoloji müşahidələr, senozların növ tərkibi və strukturu öyrənilib. Vegetasiyasını bitirmiş, çiçəkləmə və meyvəvermə  fazasında olan bitkilərin bolluğu, hündürlüyü, ot bitkilərinin sıxlığı və s. göstəricilər təyin edilib, fitosenoloji blanklara salınıb. Senozda rast gəlinən növlərin herbari nümunələri yığılıb.

 



10.10.2023 | 11:28