“eTwinning” üzrə 312 layihə Milli Keyfiyyət Nişanına layiq görülüb

“eTwinning” proqramı çərçivəsində 2022–2023-cü tədris ilində icra olunan layihələrin qiymətləndirilməsi başa çatıb və 312 beynəlxalq dərs modeli Milli Keyfiyyət Nişanına layiq görülüb. 
 

Bu günə qədər proqram çərçivəsində Azərbaycan müəllimləri 5 103 təhsil layihəsində iştirak ediblər. Milli Keyfiyyət Nişanı qazanmış layihələr Avropa Keyfiyyət Nişanı və Avropa Mükafatı uğrunda 45 ölkənin müəllimləri ilə birgə müsabiqəyə davam edəcəklər. 
 

Qaydalara əsasən, müəllimlər başa çatmış layihələri üzrə müraciət edərək milli keyfiyyət nişanları qazana bilərlər. Milli Keyfiyyət Nişanı ortaq dərs modellərində hər bir müəllimin platformada əks olunan fərdi işinin keyfiyyətinə verilən mükafatdır. Milli Keyfiyyət Nişanına müraciət edən layihələrin qiymətləndirilməsi mövzuların ümumi təhsilin fənn kurikulumuna uyğunlaşdırılması, həmkar ölkə müəllim və şagirdləri arasında əməkdaşlığın olması, beynəlxalq qruplarda şagird araşdırmasının yer alması, elektron tədris resurslarından istifadədə pedaqoji innovativliyin tətbiqi meyarları əsasında aparılır. 



Qeyd edək ki, “eTwinning” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olub, Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən həyata keçirilir. Layihənin məqsədi yerli müəllim və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq, həmçinin təhsilin inkişafı yönündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. 

 



11.10.2023 | 10:08