BDU “Erasmus+ DIRNA” layihəsinin ilk görüşündə iştirak edib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Avropa İttifaqının “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihəsinin Xəzər Universitetində keçirilən ilk idarəedici görüşündə iştirak edib.

 

Üç il davam edəcək layihənin məqsədi tərəfdaş ölkələrin – Türkiyə, İtaliya və Finlandiyanın təcrübəsi əsasında Azərbaycanın layihədə iştirak edən ali təhsil müəssisələrində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması və tədqiqat nəticələrinin idarə edilməsində universitetlərin tədqiqat potensialının artırılmasıdır.

 

Tədbirin rəsmi açılış hissəsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, universitetin rektoru İradə Xəlilova və Azərbaycan Milli ERASMUS+ ofisinin direktoru Pərviz Bağırov çıxış ediblər. Avropa Komissiyasının layihə koordinatoru Rosalba Nardelli görüşə onlayn qoşulub və tərəfdaş universitetlərə uğurlar diləyib.

 

İki günlük görüş müddətində layihə çərçivəsində nəzərdə tutulmuş işlərin planı, maliyyə məsələləri, hər bir tərəfdaş universitetin layihədəki rolu və cavabdeh olduğu işlər, potensial risk və onların həlli yolları müzakirə edilib.

 



11.10.2023 | 14:20