Rektor BMU-nun oğlanlar yataqxanasında yaşayan yerli və xarici tələbələrlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ali təhsil ocağının oğlanlar yataqxanasında yaşayan tələbələrlə görüşüb.

 

Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirak etdiyi görüşdə  çıxış edən rektor tələbələrin yataqxana ilə təminatının mövcud durumundan bəhs edib. Universitetdə oğlan və qızlar üçün 300 nəfərlik iki yataqxananın fəaliyyət göstərdiyini bildirən Y.Piriyev hər iki binadakı şəraitlə yerindəcə tanış olduğunu vurğulayıb.

Yataqxanalarda şəraitin ümumilikdə qənaətbəxş olduğunu deyən rektor bununla belə, hazırki durumla bağlı vəziyyəti burada yaşayan tələbələrdən dinləmək üçün görüşün təşkil olunduğunu deyərək, tələbələri mövcud problemlərin müzakirəsində aktiv olmağa çağırıb.

 

Görüşdə yataqxanada qalan yerli və əcnəbi tələbələr onları narahat edən məsələlərə toxunub, rəy və təkliflərini bildiriblər. Səmimi mühitdə keçən görüşdə rektor yataqxana binasında göstərilən xidmətlərdən istifadədə məmnunluq səviyyəsi ilə bağlı tələbələrin fikirləri, həmçinin qayğı və ehtiyacları ilə maraqlanıb.

 

Tələbələri narahat edən bəzi məsələlər yerindəcə araşdırılıb və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.  Araşdırma tələb edən bəzi təkliflər isə qeydə alınıb.

 

Y.Piriyev, eyni zamanda müvafiq strukturların rəhbərlərinə yataqxanada qalan əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların bütün problemlərinin həllinə yardım etməyi tapşırıb.

 

Görüşdə tələbələrin asudə vaxtlarının daha səmərəli təşkili üçün görüləcək işlərdən də bəhs olunub, həmçinin təhlükəsizlik, nizam-intizama ciddi riayət edilməsi, qida təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində saxlanılması vurğulanıb.

 

Sonda tələbələr belə bir görüşün təşkilinə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 



12.10.2023 | 17:00