Təhsili istənilən vaxt və məkanda əlçatan et, müstəqil öyrən

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri də təhsil sisteminin bütün pillələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin formalaşdırılmasıdır. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən son illər müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilməkdədir. Belə layihələrdən biri də video resurslar (www.video.edu.az) portalının əlavə tədris materiallarının təqdim edilməsi və interaktiv öyrənmə imkanlarının genişləndirilməsidir. Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov mövzu ilə bağlı “Azərbaycan müəllimi” qəzetinə ətraflı müsahibə verib.

 

- Son illər təhsil sisteminin informasiyalaşdırılması üzrə uğurla həyata keçirilən layihələrdən biri “www.video.edu.az” video resurslar portalının imkanlarının genişləndirilməsidir. Portal neçə ildir yaradılıb və hansı məqsədlərə xidmət edir?

 

- Müasir informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində müasir texnologiyalardan effektiv istifadənin təmin edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində geniş işlər həyata keçirilməkdədir. Belə xidmətlərdən biri “video.edu.az” platformasıdır ki, 2011-ci ildən fəaliyyət göstərir və təhsilalanlar üçün əlavə tədris materialları təqdim edir. Portalın məqsədi interaktiv texnologiyalar tətbiq etməklə istənilən vaxt və məkanda təhsilin əlçatanlığını təmin etməkdir.  Elektron resurslar təhsilalanların müstəqil öyrənməsi, tədrisin hibrid təşkili baxımından əhəmiyyətlidir.

 

- Video resurslar portalı özündə nəyi ehtiva edir? Hansı məlumatlar portalda yer alır?

 

- Hazırda portalda məktəbəhazırlıq, ümumi təhsil, peşə təhsili, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri mövcuddur. Portal müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər, həmçinin təcrübəli həmkarlarının dərslərini izləmək istəyən müəllimlər üçün geniş imkanlar təqdim edir. Eyni zamanda portal valideynlərin övladlarının təhsillərində iştirak etməsinə dəstək vermiş olur.

 

- Video məzmunların hazırlanması zamanı nələr nəzərə alınır?

 

- Hazırlanan video resurslar 2 istiqamət üzrə multimedia məzmunlu və qiymətləndirmə sisteminə əsaslanır. Multimedia məzmunlu resurslar müəyyən ssenari əsasında hazırlanmış dərslərdir ki, şagirdlər hər hansı dərslərin izahında iştirak edə bilmədikdə platformada məzmunla tanış olaraq dərsi izləmək imkanı əldə edir. Qiymətləndirmə sistemli videodərslər hazırlanarkən şagirdlərin mövzunu mənimsəməklə yanaşı məzmun üzrə qiymətləndirmə testlərini də yerinə yetirmək imkanı nəzərə alınır. Beləcə, şagirdlər mövzunun müəyyən bir hissəsinin izahından sonra qiymətləndirmə (test) sistemi əlavə olunur və şagird öyrəndiyi mövzunun suallarını cavablandıraraq biliklərini daha da möhkəmləndirə bilir.

 

- Videodərslər tədris olunan bütün fənlər və siniflər üzrə hər bir mövzunu əhatə edirmi?

 

- Video resurslar portalında videodərs materialları yerli və xarici peşəkar müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır. Portalda videodərslər bütün fənlər və siniflər üzrə yerləşdirilib. İstifadəçilər portalın naviqasiya xidmətlərindən istifadə etməklə asanlıqla istədiyi dərsi tapıb izləyə bilərlər.

 

- Portalda videodərslərin izlənməsi ilə yanaşı başqa hansı imkanlar mövcuddur? Deyək ki, şagirdlərdə mövzu ilə bağlı sual yarandıqda onlar nə etməlidirlər?

 

- Portalın təqdim etdiyi imkanlar genişdir. Təhsilalanların daha effektiv istifadəsi üçün videodərslər qiymətləndirmə materialları, qrafika, 3D animasiyalar və digər multimedia vasitələri ilə mütəmadi olaraq zənginləşdirilir. Nəticədə, istifadəçilər videodərs zamanı təqdim edilən vizual materiallar ilə mövzunu daha yaxşı mənimsəyir və dərsi bitirdikdən sonra təqdim edilən test tapşırıqları ilə biliklərini yoxlaya bilirlər.  Eyni zamanda fərdiləşdirilmiş öyrənmə prinsipinə əsaslanan portal dərs zamanı müəyyən mövzunun izahında iştirak edə bilməyən və yaxud mövzunu daha yaxşı mənimsəmək istəyən şagirdlər üçün bütün fənn və siniflər üzrə geniş məzmun bazası rolunu oynayır. Belə ki, şagirdlər öz sürətlərinə uyğun videodərsləri izləyə, məşq edə, mövzulardakı boşluqlarını doldura və öyrənmə müddətlərini özləri təyin edə bilirlər.

 

- Yaradılan video məzmunların şagirdlər üçün hansı üstünlükləri mövcuddur?

 

- Şagird dərs prosesində müəyyən mövzunun izahında iştirak edə bilmədikdə və ya dinlədiyi dərsin izahını başa düşmədiyi halda  internet vasitəsilə video portala daxil olub həmin mövzunun izahını izləmək imkanı əldə edir. Dərslərin izahında animasiya və videolardan istifadə dərsin qavranmasını asanlaşdırır. Portal şagirdlərin dərsi öyrənməsi üçün kitabdan əlavə resurs kimi istifadə edilə bilər. Şagird “www.video.edu.az” portalına daxil olaraq istədiyi platformada seçdiyi mövzunu rahatlıqla izləyə bilər. Eyni zamanda “video.edu.az” resurslar saytının İOS və Android tətbiqləri də istifadəçilər üçün əlçatandır.

 

- Videodərsləri izləyən şagirdlərin portal vasitəsilə qiymətləndirilməsi mümkündürmü?

 

- Təbii ki, platformada təhsilalanların daha effektiv istifadəsi üçün qiymətləndirmə materialları da mövcuddur.

 

- Videodərslər Azərbaycan dilindən başqa digər dillərdə də çəkilirmi? Yəni, rus, ingilis dillərində dərslər videolarda yer alıbmı?

 

- Bəli, platformada Azərbaycan, rus və ingilis dillərində məzmunlar yer alır. 

 

- Video resurslar portalında ümumilikdə neçə ədəd videodərs mövcuddur?

 

- Hazırda “www.video.edu.az” portalında ümumtəhsil və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla ümumilikdə 17317 resurs mövcuddur. 2023-cü il ərzində ümumtəhsil istiqaməti üzrə 1083, peşə təhsili üzrə 720 və ali təhsil üzrə 500 olmaqla ümumilikdə 2300-dən çox videoməzmun yaradılıb və portalda yerləşdirilib.

 

- Portalda son bir ildə ümumi nə qədər istifadəçi sayı və baxış sayı qeydə alınıb?

 

- Son bir il üçün 66000-dən çox istifadəçi platformanın imkanlarından yararlanıb. Yerləşdirilən videodərslərin ümumi baxış sayı isə 223370-dən çox olub.

 

- Ən çox izlənən dərslər hansı fənləri və sinifləri əhatə edir?

 

- Ən çox izlənən fənlər arasında fizika, riyaziyyat, biologiya, Azərbaycan tarixi, STEAM dərsləri, kimya və s. kimi fənlər yer tutur.

 

- Videodərslər portalında peşə dərsləri necə tərtib olunub?

 

- Platformada həmçinin peşə dərsləri yer almaqdadır ki, videodərslər peşə təhsili müəssisələrinin ixtisas fənn və istehsalat təlimi ustaları, eləcə də özəl sektor mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikulumlara uyğun tərtib olunub. Peşə təhsili müəssisələrində tədris olunan müxtəlif ixtisaslar və baza modulları üzrə müvafiq mövzuları əhatə edən videodərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Hazırda peşə istiqaməti üzrə 720 video məzmun mövcuddur.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



13.10.2023 | 12:27