Dərsliklər yeni məzmun, yeni dizaynda

Təlimin nəticələrinə çatmaqda müəllimləri istiqamətləndirən, şagirdlərin şəxsi, sosial, elmi inkişafına töhfə verən əsas tədris resurslarından biri dərsliklərdir. Dərsliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları” sənədinə və “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanır. Dərsliklər tərtib olunarkən qüvvədə olan təhsil proqramlarının məzmun xətlərini reallaşdırır, materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu gözlənilir, pedaqoji və metodiki yanaşmalarda qabaqcıl nəzəriyyələr əsas götürülür, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu təmin edilir.

 

Dərslik layihələrinin məzmun keyfiyyəti yoxlanılır

 

2023-2024-cü tədris ilinə ümumi təhsil pilləsi üçün 24 adda dərslik təkmilləşdirilib, 37 adda dərslik yeni hazırlanıb. Ümumilikdə 61 adda dərslik layihəsinin məzmun keyfiyyəti yoxlanılıb. Dərslik layihələri Nazirliyin fənn üzrə ekspertləri tərəfindən qiymətləndirilib. Dərsliklər çap edilmədən əvvəl ictimai müzakirəyə çıxarılıb. Bu prosesdə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri, aidiyyəti elm, ali və ümumi təhsil müəssisələrinin pedaqoji heyəti iştirak ediblər.

 

Dərsliklər ictimai müzakirəyə buraxılır

 

Dərsliklərin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinə 18300 (on səkkiz min üç yüz) rəy daxil olub. İctimai rəyin öyrənilməsində daxil olan ən çox rəy Azərbaycan tarixi dərslik layihəsinə aiddir. Bütün rəy və təkliflər operativ şəkildə dərslik layihəsini hazırlamış müvafiq nəşriyyat-poliqrafiya müəssisələrinə yönləndirilib. Daxil olan rəy, təklif və iradların əsasında nəşriyyatlar və müəlliflər tərəfindən dərslik layihələri üzərində müvafiq düzəlişlər aparılıb.

 

Şagirdlərin də dərsliklərə dair fikirləri öyrənilir

 

Əlavə olaraq ümumi təhsil müəssisələrinin şagirdlərinin dərsliklərə dair fikirləri də öyrənilib. Şagirdlərə-Dərslikdə yazılanları müstəqil oxuyub-anlayıram, dərslikdəki hansı tapşırıqlar daha öyrədicidir, dərslikdəki vizual materiallardan hansı daha öyrədicidir kimi suallar təqdim olunub. Sorğuda 21040 (iyirmi bir min qırx) şagird iştirak edib, ən çox rəy riyaziyyat dərsliklərinə aid olub.

 

318 adda 7 milyon 700 min nüsxədən çox dərslik çap olunub

 

2023-2024-cü tədris ilinə dövlət ümumi təhsil müəssisələri üçün 318 adda 7 milyon 700 min nüsxədən çox dərslik çap olunaraq yerlərə çatdırılıb və şagirdlər dərsliklərlə təmin olunub.

 

2023-cü ildə əlavə tədris resurslarının hazırlanması sahəsində də yeniliklər edilib.

 

Azsaylı xalqların dili dərslikləri yenilənib, çap edilərək yerlərə çatdırılıb

 

13 adda, 19150 nüsxədən ibarət Azsaylı xalqların dili dərslikləri yenilənərək çap edilib. Azsaylı xalqların dili üzrə əvvəlki illərdə hazırlanmış dərsliklərə baxış keçirilib. Talış, saxur, xınalıq və haput dilləri üzrə dərsliklər çap edilərək yerlərə çatdırılıb.

 

Niyazi RƏHİMOV

 



13.10.2023 | 13:03