AzMİU və Avrasiya Milli Universiteti arasında elmi əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya işləri üzrə prorektoru professor Nigar Aslanova Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində səfərdə olub.

 

Professor N.Aslanova universitetin fundamental riyaziyyat kafedrasında təşkil olunan elmi seminarda məruzə ilə çıxış edərək son elmi nəticələrini qazaxıstanlı alimlərə təqdim edib. Seminarda qazaxıstanlı akademiklər, elm adamları və kafedranın professor-müəllim heyəti iştirak edib.

 

Fizika-riyaziyyat elmləri doktoru, Avrasiya Milli Universitetinin professoru Kordon Omarov çıxış edərək elmi məruzəni yüksək qiymətləndirib və alimə gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, seminarda əlaqələrin gücləndirilməsi, elmi nəticələrə dair mütəmadi fikir mübadiləsinin həyata keçirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

 

Səfər çərçivəsində professor N.Aslanova Avrasiya Milli Universitetinin mexanika və riyaziyyat, Memarlıq və inşaat fakültələrinin dekanları, kafedra müdirləri və professor-müəllim heyəti ilə görüşlər də keçirib. Görüşlərdə AzMİU və Avrasiya Milli Universiteti arasında elmi və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

Müzakirələrin nəticəsi olaraq hər iki uiversitetin memarlıq və inşaat fakültələri arasında elmi əməkdaşlıq memorandumunun hazırlanmasına dair ilkin razılıq əldə edilib.

 

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Avrasiya Milli Universiteti 1996-cı ildə Tselinoqrad İnşaat İnstitutu və Tselinoqrad Pedaqoji İnstitutunun birləşməsi əsasında qurulub. Universitetdə 65 bakalavr, 68 magistratura və 38 doktorantura ixtisası üzrə mütəxəssis hazırlanır.

 

Avrasiya Milli Universiteti “QS World University Ranking” üzrə 355, “QS Emerging Europe and Central Asia University Ranking” üzrə isə 2-ci yerdə qərarlaşıb.

 



13.10.2023 | 17:22