Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə beynəlxalq konfrans

Oktyabrın 23-də “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. 

 

Konfrans Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin 70 illik yubileyinə həsr olunub. 

 

Tədbir iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

 

UNEC-də təşkil olunan konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, UNEC-in rektoru Ədalət Muradov, dövlət qurumlarının rəhbərləri, rektorlar, həmçinin dünyanın müxtəlif ölkələrindən olan alim və yubilyarın dostları iştirak ediblər.

 

UNEC-in rektoru Ədalət Muradov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyevin 70 illik yubileyinin rəhbərlik etdiyi ali məktəbdə qeyd olunmasını əlamətdar hadisə adlandırıb.

 

Elm və təhsil naziri Emin Əmrullayev Məsud Əfəndiyevi 70 illik yubileyi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Alimin yubileyini doğma vətənində keçirməsinin əhəmiyyətini vurğulayan nazir bu addımın gənc nəslə vətənpərvərlik hissinin aşılanması baxımından önəmli olduğunu qeyd edib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, həmişə vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb. 

 

Yubiley tədbiri Kanadanın Fields İnstitutunun direktoru Xumar Murtu, Gürcüstanın keçmiş elm və təhsil naziri Mixeil Çxenkeli, Toronto Beynəlxalq Biznes Universitetinin rektoru Feridun Hamdilahpur,  tədbirə onlayn qoşulan kimya üzrə Nobel mükafatı laureatı Ariel Varşel, professor Roald Saqdeyev, Aleksandr von Humbolt Fondunun Sponsorluq və şəbəkə departamentinin rəhbəri Steffen Mehliçin çıxışları ilə davam edib. Çıxış edənlər azərbaycanlı alimin riyaziyyat elminə verdiyi töhfələrdən danışıblar. 

 

Sonda Məsud Əfəndiyev göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, konfrans oktyabrın 26-na kimi panel müzakirələrlə davam edəcək.

 

 



23.10.2023 | 17:07