Peşəkar müəllim və istedadlı tələbə tandeminin uğuru

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yarandığı ilk gündən etibarən dünya musiqisinə  bəxş etdiyi  istedadlı  musiqiçiləri  ilə seçilib.  Bu ali musiqi təhsili ocağında nəsildən-nəsilə ötürülən gözəl tədris ənənələri formalaşıb. Bu elm və təhsil  ənənələrinin qorunub saxlanılmasında Akademiyaya rəhbərlik edən şəxslərin, professor-müəllim heyətinin payına düşən fədakarlığın xüsusi önəmi vardır. Müəllimlər daima istedadlı gəncləri üzə çıxarmağa, onlara hərtərəfli diqqət və qayğı göstərməyə çalışırlar.

    

Peşəsinə, sənətinə arxalanan müəllimin ən böyük nailiyyəti onun yetirmələridir. Əldə olunan  mükafatların heç biri müəllimi tələbələrinin  uğuru qədər sevindirə, qürurlandıra bilməz.  Bu gün də Musiqi Akademiyasının müəllimləri qürur hissi yaşayırlar...

    

2023-cü il 16-18 oktyabr tarixlərində Litva Respublikasının paytaxtı  Vilnüs şəhərində keçirilmiş V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsində qalib olan tələbələrin uğurlu çıxışlarının arxasında müəllim zəhməti və sevgisi durur. “World Harmony” müsabiqəsi “Harmoniya” Gürcüstan Folklor və Klassik Musiqi İttifaqının təşkilatçılığı ilə keçirilib. Davamlı olaraq  hər il müxtəlif ölkələrdə təşkil edilən “World Harmony” müsabiqəsinin  məqsədi klassik musiqini  və milli folkloru təbliğ etməkdən ibarətdir. Yeni musiqiçilər nəslinin fəal iştirak etdiyi musabiqədə istedadlı gənclər öz güclərini vokal, instrumental ansambllar, akademik və xalq xor ifaçılığı sahələrində sınayıblar.  

    

Artıq neçə illərdir ki, Bakı Musiqi Akademiyasının tələbələri burada öz istedadlarını nümayiş etdirirlər. Ümumiyyətlə, onların müxtəlif müsabiqə və festivallarda çıxışlarının əsas məqsədi yaradıcı inkişaflarına kömək etməkdən ibarətdir.

    

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti,  professor  Fərhad Bədəlbəyli uzun illərdir ki, rəhbərlik etdiyi bu musiqi ocağında şərəfli ənənələrin inkişafına xüsusi diqqət yetirir. Xatırladaq ki, onun bir zamanlar parlaq istedadının dünyaya səs salmasında müsabiqələrin böyük əhəmiyyəti olub.  Məhz 1967 və 1968-ci illərdə Praqa və Lissabonda keçirilən  müsabiqələrdə qalib olduqdan sonra dünya auditoriyası gənc Fərhad Bədəlbəylini tanıyıb sevdi.  Bu, azərbaycanlı pianoçunun ilk Beynəlxalq səviyyədə böyük uğuru idi.

    

Çağdaş dövrümüzün istedadlı tələbələrinin dünya konsert salonlarında çıxışları üçün Fərhad müəllim və onun fədakar kollektivi hər zaman çalışır.  Gənc istedadların tanınmasında, 20-dən artıq Beynəlxalq və Respublika müsabiqələr laureatı yetişdirən Bakı Musiqi Akademiyasının  tədris işləri üzrə prorektoru  Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın pedaqoq və rəhbər uzaqgörənliyi, peşəkarlığı danılmazdır. Litva Respublikasının paytaxtı  Vilnüs şəhərində  keçirilmiş V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsinin münsiflər heyətinin üzvü olan Nərminə Quliyeva yeni istedadların üzə çıxarılmasına, beynəlxalq təcrübə və fikir mübadiləsinın aparılmasına, xarici ölkələrin gəncləri ilə  daha geniş  tanışlıq imkanlarının yaradılmasına nail olub.

  

Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Latviya, Litva və Polşadan ifaçı və çoxsaylı kollektivlərin iştirakı onu daha da maraqlı və həyacanlı etdi. Müsabiqənin fortepiano bölümü üçün təqdim olunacaq proqram polifonik əsər, etüd və pyesdən ibarət olmalı idi. Tələbələrimizin  proqramı isə yetərincə ciddi və mürəkkəb əsərlərin ifasından ibarət oldu.  İştirak edən çoxsaylı müsabiqə ifaçıları arasından  Bakı Musiqi Akademiyasının tələbələri parlaq çıxışları ilə seçildilər.

       

Məlumdur ki, istənilən musiqi əsərinin, o cümlədən fortepiano nümunəsinin mürəkkəbliyi  sadəcə, notların  monoton şəkildə təkrarlanmasında deyil.  Musiqi interpretasiyası – əsərin ruhunu çatdırmaq bacarığındadır, səsin çalarının zənginliyində,  musiqi-texniki sərbəstlikdədir.  Əsərin mürəkkəbliyi bu və digər mühüm nüansların ötürülməsində özünü ehtiva edir.  Məhz buna görə müəllimlər öz yetirmələri ilə birgə uzun zaman çalışır, onları  müxtəlif müsabiqələrdə güclərini sınamağa yönləndirir.  

  

Müsabiqələr   müasir ifaçının zəruri atributudur  və onlar hələ tam formalaşmamış  gəncin şüurunda  müəyyən dəyişikliklər edir. Bugünkü şəraitdə musiqiçi  rəqabətə davamlı olmalıdır, tədricən  parlaq yaradıcı şəxsiyyətə çevrilməlidir. Bu iki cəhəti birləşdirmək üçün tələbə və onun müəllimi peşəkar və şəxsi dəyərlər sistemini düzgün qurmalıdırlar. Musiqi yarışmasını və musiqiçinin yaradıcılığın nə olduğunu başa düşməsi üçün xüsusi iş tələb edilir. Onun tərbiyəsində müəllimin xüsusi rolu var  və müsabiqədə iştirak üçün əzmkarlıq, fədakarlıq, səriştəli pedaqoji iş tələb olunur. Yalnız bu halda  gənc musiqiçilər yaradıcılıq uğurları əldə edə və özlərini ən yaxşı tərəfdən göstərə bilərlər.

 

Hazırda dünyada insanlar arasında qarşılıqlı əlaqə və mədəni dialoqun həyata keçirilməsi vasitəsi kimi müsabiqələr böyük rol oynayır.  Bu mənada biz təkcə müsabiqələrdən deyil, həm də musiqi yarışmasının mədəniyyət, incəsənət və yaradıcılıq mübadiləsi vasitəsi kimi çıxış etməsindən də danışa bilərik. V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsi məhz belə gözəl tətbirlərdən biridir ki, burada Bakı Musiqi Akademiyasının istedadlı tələbələri  qalibiyyət diplomları və mükafatları ilə ölkəmizə qayıtdılar. Burada professor Nərminə Quliyevanın sinifində təhsil alan Nəriman Məsimovun  Gran Pri mükafatına layiq görülməsini xüsusilə  qeyd etmək lazımdır.   Fortepiano ixtisası üzrə  IV kurs tələbəsi olan  Nəriman Məsimov müsabiqədə  maraqlı proqram ilə  çıxış edərək,  İ.S.Baxın “Prelüd və fuqa”sı, F.Listin “La Campanella” etüdünü,  T.Quliyevin “Qaytağı” əsərlərini  mükəmməl şəkildə ifa etdi. Pianoçular arasında o, həm də  ifa texnikası ilə seçildi.

      

İtalyan dilində "zəng" mənasını verən “La Campanella”  görkəmli italyan bəstəkarı Nikolo Paqanininin eyniadlı violino əsərinin fortepianoda işləməsidir. Fortepiano üçün yazılmış  bu etüd ən çətin əsərlərdən biri hesab olunur. “Campanella” sol əldə nəhəng sıçrayışlar, sağ əldə isə çox sürətli tempdə səslənən  mürəkkəb keçidlərlə seçilir.

 

Digər tərəfdən də görkəmli bəstəkarımız Tofiq Quliyevin fortepiano üçün yazılmış  “Qaytağı” əsəri yüksək texniki bacarıq tələb edən pyesdir. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu Fərhad Bədəlbəyli olub. Nəriman Məsimov peşəkar müəllimi Nərminə Quliyevavnın rəhbərliyi ilə öyrəndiyi  bu çətin əsərləri bütün gözəlliyi ilə münsiflər heyətinə çatdıra bildi.

    

Bakı Musiqi Akademiyasının digər tələbələri də parlaq ifa nümayiş etdirdilər. Onların qazandığı mükafatlar, uğurlu çıxışları illərlə çəkilən əziyyətin bəhrəsidir, peşəkar müəllim və istedadlı tələbə tandeminin uğurudur.

         

 

Mehparə Rzayeva,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 



26.10.2023 | 16:13