“Əmək bazarının inkişafında peşə təhsilinin rolu”

Oktyabrın 19-da  “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının təşkilatçılığı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində  “Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” mövzusunda keçirilən növbəti görüşü - “dəyirmi masa” “Əmək bazarının inkişafında peşə təhsilinin rolu” mövzusuna həsr edilib.

 

Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə peşə təhsili sisteminin ən yüksək inkişaf mərhələsinə çatmasını özündə əks etdirən, bu sahədə islahatların Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini işıqlandıran “Heydər Əliyev və peşə təhsili” kitabının təqdimatını keçirmək və  “dəyirmi masa”nın mövzusu ətrafında fikir mübadiləsi aparmaq olub.

 

“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev çıxış edərək jurnalın cari il ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərindən danışıb.

 

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxışında Ulu Öndər Heydər Əliyevin respublikamızın peşə təhsilinin inkişafındakı xidmətlərini özündə əks etdirən belə bir kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin əməkdaşı Cəsarət Yusifov  qeyd edib ki, “dəyirmi masa”nın müzakirəsinə çıxarılan “Əmək bazarının inkişafında peşə təhsilinin rolu” çox  aktualdır. Agentlik son illər ərzində 100-ə yaxın şirkətlə əməkdaşlıq edib. Həmin şirkərlər də DUAL Təhsil Proqramına cəlb olunublar. Peşə təhsilini bitirənlərin 60%-i əməkdaşlıq etdikləri SOCAR, “AzerGold” və digər böyük şirkət və müəssisələrdə işlə təmin edilib, 7%-i isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırda peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələr bir çox istiqamətlərdə araşdırılır, Almaniya, Koreya, İngiltərə və Türkiyə təcrübəsi öyrənilir və tətbiq edilir.

 

Peşə təhsili müəllimlərinin rəhbərləri çıxışında respublikamızda peşə təhsili sistemində rəqabətqabiliyyətli kadr hazırlığının mövcud vəziyyətindən   danışaraq təkliflər irəli sürüblər.

 

Sonda redaksiya ilə əməkdaşlıqda fərqlənən bir qrup oxucu “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı redaksiyasının Diplomu ilə təltif edilib.

 

Günel ƏLƏSGƏROVA,

“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru

 



27.10.2023 | 17:09