Fövqəladə hallara hazır ol!

Astara və Lənkəran rayonlarının tam orta məktəblərində  fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.  “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” elm və təhsil nazirinin 18.07.2023-ci il tarixli əmrinin icrası ilə əlaqədar Astara rayon P.Həsənov adına Çayoba kənd tam orta məktəbində keçirilən tədbirə müəllim kollektivi, valideyn assosiasiyasının üzvləri, Qarabağ müharibəsinin iştirakçıları qatılıblar.

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxış edərək son illər dənizdə, çaylarda, göllərdə boğulanlar arasında məktəblilərə tez-tez rast gəlindiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu cür hadisələrin baş verməməsi üçün uşaqlar arasında zəruri maarifləndirmə işlərinin aparılması zəruriliyindən danışıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov çıxış edərək məktəbdə yanğın zamanı şagirdlərin hansı formada təxliyyə olunması və qorunması barədə geniş məruzə edib.

 

Məktəbin direktoru Sərraf Əhmədov bildirib ki, təhsil müəssisəsində yanğın zamanı pedaqoji heyət və şagirdlər təlimatlandırılaraq vəzifə borcları onların nəzərinə çatdırılıb. Yoxlama məqsədilə məktəbdə süni yanğın zamanı özlərini necə apardıqları, vəziyyətdən necə çıxdıqları müşahidə olunub.

 

Müzakirələrdə su hövzələrində yeniyetmələrin, gənclərin batması və digər fövqəladə halların qarşısının alınması, şagirdlər və valideynlər arasında maarifləndirici xarakterli təbliğat işlərinin davamlı keçirilməsi, həmçinin məktəbdə təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı məsələlərə geniş yer verilib.

 

Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbində regionun təhsil müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov maarifləndirici görüşlərin keçirilməsinin, təhsilalan və təhsilverənlərə baş verə biləcək ekstremal hallarda düzgün davranma qaydalarının aşılanmasının vacibliyini bildirib.

 

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Cənub Regional Mərkəzinin sektor müdiri Zaur Hüseynov, Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şöbə rəisi Samir Kərimov tərəfindən suda batma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, maarifləndirici videoçarxlar nümayiş olunub, təlimat kitabçaları və təbliğat materialları olan maarifləndirici, xəbərdaredici poster və bukletlər təqdim edilib.

 

Sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev Ulu Öndər Heydər Əliyevin  uzaqgörən siyasəti sayəsində ölkənin güclü iqtisadi bünövrəsinin formalaşdığını bildirib və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı qələbənin təmin edildiyini xüsusi vurğulayıb.

 

Mina və partlayıcı qalıqların təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, vətəndaşlara diqqətli davranış və məsuliyyətli yanaşmanın təbliğ olunmasının vacibliyi və əhəmiyyəti vurğulanıb.

 

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.

 

Şakir CƏFƏROV

 



28.10.2023 | 10:13