Elm və təhsil sahəsində QHT-lərin fəaliyyəti müzakirə edilib

Noyabrın 3-də “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsil sahəsi üzrə hədəflərin həyata keçirilməsində Qeyri-hökumət Təşkilatlarının (QHT) rolu və Elm və Təhsil Nazirliyinin İllik Fəaliyyət Planına dair məlumatlandırma sessiyası keçirilib.

 

Görüşün keçirilməsində məqsəd elm və təhsil sahəsi üzrə hədəflərin həyata keçirilməsində QHT-lərin rolunu müzakirə etmək olub.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Xəlilova, nazirliyin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, ETN yanında İctimai Şuranın sədri Günel Səfərova, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları, QHT rəhbərləri və digər qonaqlar iştirak ediblər. 

 

Görüşdə Leyla Xəlilova çıxış edərək aparılan təhsil islahatları barədə ətraflı məlumat verib.

 

Ardınca iştirakçılar elm və təhsil hədəfləri istiqamətində QHT-lərin fəaliyyətlərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

 

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 



04.11.2023 | 16:33