Şəhid Orxan Kərimlinin adına auditoriya açılıb

Naxçıvan Dövlət Universitetində Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Orxan Kərimlinin adına auditoriya açılıb.

 

Şəhidin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə universitetin rektoru Elbrus İsayev auditoriyanın mənəvi dəyər daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, “Hüquqşünaslıq” ixtisasının tələbəsi olmuş Orxan Kərimlinin vətənpərvərliyi hər zaman gənc nəslə nümunə olacaq.

 

Tədbirdə iştirak edən şəhidin atası Akif Kərimov öz oğlu haqda xatirələrini bölüşüb. Bildirib ki, qiyabi təhsil alan O.Kərimli I kursun sonunda hərbi xidmətə yola düşüb, öz davranışı, nizam-intizamı ilə komandirləri və əsgər yoldaşları arasında böyük rəğbət qazanıb.

 

Tədbirdə “Naxçıvan şəhid ailələri” İctimai Birliyinin sədr müavini Ruslan Zeynalov,  “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, ehtiyatda olan kapitan Ceyhun Bayramov, şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova çıxış ediblər.

 

Tədbir vətənpərvər ruhlu mahnılardan ibarət bədii hissə ilə davam edib.

 



08.11.2023 | 10:11