“Fəxr edirəm ki, qalib ölkənin vətəndaşıyam”

Xalqımız Vətən müharibəsində qazanılmış şanlı qələbənin üçüncü ildönümünü - Zəfər Gününü bu il daha böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycanımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin şücaəti, Şəhidlərimizin qanı və canı bahasına qazanılıb. 44 günlük Vətən müharibəsində qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılıb. “Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində - Azərbaycan dilində 1 saat tədris olunur.

 

Şagirdlərimizin Zəfər tarixi ilə bağlı düşüncələrini, təəssüratlarını öyrənmək məqsədilə Bakı şəhəri Yasamal rayonu M.Müşviq adına 18 nömrəli tam orta məktəbin IX sinif şagirdləri ilə söhbət etdik.

 

“Biz Zəfər tariximizi qürurla öyrənirik”

 

Solmaz Rəcəbova: “Ulu Öndərimizin sözləri ilə desək: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir”.  Zəfər tariximiz milli qürurumuzun, ərazi bütövlüyümüzün bərpası, dünənimiz, bugünümüz və sabahımızdır. Keçmişi olmayan və öz keçmişindən nəticə çıxarmayan bir xalqın gələcəyi yoxdur. 2020-ci il 27 sentyabrdan 8 noyabra qədər davam edən ikinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bununla şanlı ordumuz qəhrəmanlıq tarixi yazdı. Bu tarixin adı “Zəfər tarixi”dir. Məktəblərimizdə bu fənn 9-cu siniflərdə tədris olunur. Biz “Zəfər tarixi” fənnini qürurla öyrənirik və bu şanlı tarixi öyrənmək bizim vətəndaşlıq borcumuzdur. Ordumuzun göstərdiyi qəhrəmanlıqları, Vətən uğrunda canından keçmiş Şəhidlərimizi unutmamalı və unutdurmamalıyıq!”

 

“Fəxr edirəm ki, bayrağımız Qarabağda dalğalanır”

 

Nərmin Fərəməzli: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa Vətəndir! Əslində Qarabağ müharibəsindəki zəfərimiz naminə çoxlu sayda qəhrəmanlarımız mübarizə apararaq şəhid oldular. Mübariz İbrahimov kimi oğullarımızın qəhrəmanlığı bizim üçün qürurvericidir. Tək başına Ermənistanı 3 gün matəmə qərq edən Mübariz bütün dünyaya sübut etdi ki, torpaqlarını geri almağa qadir olan Azərbaycan oğulları var. Bu gün mən fəxr edirəm ki, şanlı bayrağımız 3 mindən artıq şəhidin qanı bahasına, ordumuzun şücaəti ilə azad edilmiş Qarabağda dalğalanır!”

 

“Şanlı Azərbaycan Ordusu Xankəndinə bayraq sancdı”

 

Fidan Talıbova: “30 illik işğaldan sonra qalib gəlmiş bir dövlətin vətəndaşı olmaq qədər qürurlu bir hiss yoxdur məncə. 2020-ci ilin sentyabrın 27-də başlayıb 44 gün davam edən Zəfər savaşında Azərbaycan oğulları “məğlubedilməz erməni” mifini darmadağın etdilər. Üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda və nəhayət, Şuşada dalğalandı. 2023-cü ilin sentyabr ayı isə daha da xoş xəbərlərlə yadda qaldı. Bu dəfə şanlı Azərbaycan ordusu Xankəndinə bayraq sancdı. Mən fəxr edirəm ki, qalib bir ölkənin vətəndaşıyam!”

 

“Çox şükür ki, Xocalı qatilləri bu gün Azərbaycan məhkəməsinə çıxırlar”

 

Fidan Abdullayeva: “30 ildir ki, hamının həsrətlə gözlədiyi xəbər 8 Noyabr günü Azərbaycanı sevinc gözyaşlarına qərq etdi. Bu, Ali Baş Komandanın Şəhidlər Xiyabanından böyük sevinc və qürur hissi ilə Azərbaycan xalqına elan etdiyi “Əziz Şuşa, Sən azadzan!” Qələbə müjdəsi idi. 44 günlük müharibə Qələbə ilə nəticələndi. Bu il 8 Noyabr Qələbə Paradı Xankəndində keçiriləcək. Çox şükür ki, Xocalı qatilləri bu gün Azərbaycan məhkəməsinə çıxarılırlar. Bütövlüyümüzə nail olduğumuz tarix, şanlı günümüz - Zəfər Günün, bayramın mübarək, Azərbaycan!”

 

Lamiyə ƏLİMƏRDANOVA

 



08.11.2023 | 14:15