Kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” Milli yarışı elan olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı çərçivəsində, kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” Milli yarışına qeydiyyat elan olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, yarışın məqsədi 2024-cü ildə Fransanın Lion şəhərində keçiriləcək kibertəhlükəsizlik istiqaməti üzrə beynəlxalq “WorldSkills Lyon 2024” yarışında Azərbaycanı təmsil edəcək 24 yaşa qədər iştirakçıları seçməkdir.

 

Keçirilən Milli yarışın sonunda seçilmiş uğurlu gənclər “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı “WorldSkills Lyon 2024” yarışında iştirak etmək fürsəti qazanacaqlar.

 

Kibertəhlükəsizlik üzrə “Skills Azərbaycan 2023” Milli yarışlarına son müraciət tarixi 26 Noyabr 2023-cü ildir.  İştirakçılar keçid vasitəsilə yarışlara müraciət edə bilərlər.   

 

Qeyd edək ki, Milli yarış beynəlxalq “WorldSkills” təşkilatının standartlarına uyğun keçirilir.

 

“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır. 

 

 



14.11.2023 | 10:01