ADPU-nun dövri-elmi jurnallarının məhsuldarlıq səviyyəsinin artırılması

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İSSN Agentliyinin əlaqələndiricisi, “Qlobal əməkdaşlıq və analitik araşdırmalar mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova, ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov iştirak edib.

 

Rektor C.Cəfərov qonağa universitet haqqında geniş məlumat verib, elmi-pedaqoji potensial və perspektivlərdən söz açıb.

 

Sədr Xəyalə Məmmədova beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi və genişləndirilməsi barədə fikirlərini bildirib, qarşıdakı dövr ərzində ADPU ilə rəqəmsallaşma və dövri-elmi jurnalların saytlarının təkmilləşdirilməsi prosesində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.  

 

Prorektor Asəf Zamanov son illərdə Pedaqoji Universitetdə 6 dövri-elmi jurnalın fəaliyyət göstərdiyini deyib. Qeyd olunub ki, universitetdə dövri-elmi nəşrlərin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün rəqəmsallaşmaya ehtiyac var.

 

Daha sonra ADPU-nun dövri-elmi nəşrlərindən “Pedaqoji Universitetin xəbərləri. Riyaziyyat və təbiət elmləri seriyası” və “Pedaqoji Universitetin xəbərləri. Hümanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası” dövri-elmi jurnallarına Rəqəmsal Obyekt İdentifikator (DOİ) nömrə təminatı,  elmin tədqiqi, elmi nəşrlərin məhsuldarlıq səviyyələrinin artırılması istiqamətində ikitərəfli əməkdaşlıq  müqaviləsi imzalanıb.

 

 



16.11.2023 | 11:15