“Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində BDU-nun kafedra müdirləri, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabının təqdimatı olub.

 

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “KİV-də və sosial şəbəkələrdə “saxta xəbər”lərin qarşısının alınması istiqamətində təşəbbüslər” layihəsi çərçivəsində nəşr edilib.

 

Tədbirdə kitabın ön sözünün müəllifi, BDU-nun professoru Qulu Məhərrəmli mövzunun aktuallığını qeyd edib. Bildirib ki, müəlliflərin ağır sosial bəla kimi az qala bütün dünyanı bürümüş saxta xəbərlər mövzusunu tədqiqata cəlb etmələri təsadüfi deyil. Bu, bir sosial sifariş, günümüzün informasiya reallıqlarından doğan tələbatdır. Ona görə də hər kəsin bu mövzuda biliklərinin olması çox əhəmiyyətlidir.

 

Qeyd olunub ki, bu gün saxta xəbərlər əsasən, sosial şəbəkələr üzərindən yayılır:” Sosial media şəbəkələri öz fikrini bildirmək istəyən hər kəs üçün açıq platformaya çevrilib. Amma bir çox səbəblərdən bəzi ölkələrdə həmin platformalar dezinformasiya, yalan və nifrət yayan siyasi təbliğat kanalına çevrildi. Nəticədə bu platformalar nəinki dünyanı birləşdirdi, həmçinin istifadəçilərin şəxsi məlumatlarına müdaxilə etdi, yalan informasiyalar geniş yayılmağa başladı və insanların bir-birinə münasibətində ciddi problemlər yarandı”.

 

“Müəlliflər “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabında həmin proseslərin səbəbləri barədə məlumat verməklə yanaşı, ümumi mənzərəni də göstərir, ciddi ümumiləşdirmələr aparır və mövcud tendensiyaları dərindən təhlil edirlər. Bu səbəbdən də təqdim olunan kitab mövzunun ən müxtəlif çalarlarını əhatə etmək baxımından ciddi elmi mahiyyət daşıyır. Əsərin diqqəti cəlb edən ən qiymətli cəhətlərindən biri də budur ki, o, dünyada informasiya sahəsində gedən prosesləri özündə tam ehtiva edir”- deyə professor bildirib.

 

Professorlar Cahangir Məmmədli, Nəsiman Yaqublu, Sabir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, dekan müavini Samir Mirzəyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “ARB-24” telekanalının icraçı direktoru Radik İsmayılov, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və başqaları fikirlərini bölüşüb, kitabın əhəmiyyətindən danışıb, tələbə və mütəxəssislər üçün dəyərli mənbə olduğunu söyləyiblər.

 

 



16.11.2023 | 12:00