Məktəblilər arasında riyaziyyat fənni üzrə müsabiqə keçirilib

Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə cari tədris ilində ümumi təhsil müəssisələrində formalaşdırılan istedad siniflərinin, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey və S.Vurğun adına 16 nömrəli tam orta məktəbin 5-ci siniflərində təhsil alan şagirdlər üçün riyaziyyat müsabiqəsi keçirilib.

 

Onlayn formada kompüter üsulu ilə həyata keçirilən müsabiqədə 242 nəfər şagird iştirak edib, şagirdlərə riyaziyyat fənni üzrə biliklərin yoxlanılması məqsədilə 30 test tapşırığı təqdim olunub.

 

İstedad siniflərinin yaradılmasında məqsəd istedadı, bilik-bacarığı ilə seçilən şagirdlərin bir sinifdə təhsil almasıdır. İstedad sinifləri 2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 şəhər və 5 rayonun pilot olaraq seçilmiş ümumi təhsil müəssisələrinin 5-ci siniflərində təşkil olunub.

 

Müsabiqə yaradıcı istedadı və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasına hazırlığını təmin etmək məqsədi daşıyır.

 

Bildirilib ki, riyaziyyat-məntiq fənləri üzrə müsabiqə və yarışların cari tədris ili üzrə mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

Şakir Cəfərov

 



20.11.2023 | 14:40