Roof Academic Training şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Roof Academic Training şirkətinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

Görüşdə NDU-nun rektoru Elbrus İsayev ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları barədə məlumat verib. “İstedadlı Gənclər üçün Təqaüd Proq­ramı”nı yüksək qiymələndirən rektor universitetdə kadr hazırlığı sahəsində, xaricdə təhsilin əlçatanlığında belə sosial layihələrin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

        

Roof Academic Training şirkətinin təsisçisi Rüfət Hüseynzadə Naxçıvan Dövlət Universitetində həyata keçirilməsi planlaşdırılan layihə haqqında ətraflı məlumat verərək bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və BP şirkətinin dəstəkçisi olduğu “İstedadlı Gənclər üçün Təqaüd Proq­ramı” dünya səviyyəli təcrü­bə və bacarıqlar formalaşdırmaqla ölkəmizin dayanıqlı gələcəyinin qurulmasına dəstək məqsədilə yaradılıb.

 

Vurğulanıb ki, ötən il layihədə iştirak etmiş tələbələr Sinqapur Milli Universiteti, Nanyag, British Columbia,  Toronto, Erasmus University Rotterdam, Hong Kong, KAIST kimi dünyanın ən reytinqli universitetlərinə qəbul olunublar.

 

Bildirilib ki, NDU-da həyata keçiriləcək layihə çərçivəsində xüsusilə aztəminatlı istedadlı gənclərin aparıcı beynəlxalq universitetlərdə təhsil almaq üçün yüksək keyfiyyətli hazırlıq kurslarında iştirak xərc­ləri qarşılanacaq. Qrup və fərdi şəkildə hazırlıq kursları təklif olunacaq. İştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT, IELTS və digər qurumların testlərinə və qəbul imtahanlarına hazırla­şacaqlar.

        

Sonda Roof Academic Training şirkəti ilə əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

 



21.11.2023 | 13:06