Rektor I kurs tələbələri ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova inşaat fakültəsinin I kurs tələbələri ilə görüşüb.

 

Görüşdə prorektorlar, fakültə dekanı, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır.

 

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim naliyyətlər əldə etməyə çağırıb. İşğaldan azad olunan ərazilərdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor tələbələri təhsildə böyük naliyyətlər qazanmağa, ixtisaslı inşaat mühəndisləri olaraq azad edilmiş ərazilərimizin abadlaşdırılması kimi şərəfli missiyada iştiraka səsləyib. Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.

 

Sonra AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.

 

Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.

 



22.11.2023 | 14:44