Tatarıstan Respublikasının təhsil və elm naziri ölkəmizdə səfərdədir

Rusiya Federasiyası Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

 

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb. 

 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev Tatarıstan Respublikası təhsil və elm naziri İlsur Xadiullin ilə görüşüb. Görüş zamanı Emin Əmrullayev ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Tərəflər əlaqələrin cari vəziyyət və perspektivlərini müzakirə ediblər, xüsusilə peşə təhsili və müəllimlərin ixtisasartımına dəstək istiqamətləri üzrə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu vurğulayıblar.  

 

Səfər çərçivəsində qonaqlar STEAM İnnovasiya Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə aviasiya məkanı, klassik və uşaqlar üçün Nyuton, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3 D hologram”, VR zonaları mövcuddur.  

 

Nümayəndə heyəti həmçinin Bakı Dövlət Universitetini (BDU) ziyarət edib və rektor Elçin Babayevlə görüşüb. Görüş zamanı BDU-nun Tatarıstan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri müzakirə olunub. Nazir İlsur Xadiullin Kazan Federal Universitetində təhsil almış və hazırda BDU-da çalışan professor-müəllim heyəti ilə də görüşüb. 

 

Noyabrın 21-də qonaqlar Bakı Avropa liseyini ziyarət edib və müəssisədə yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar.  

 

Noyabrın 22-də isə nümayəndə heyəti ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib. Görüşdə peşə təhsili sahəsində təcrübə və müəllim mübadiləsi, “Qardaşlaşmış məktəblər” layihəsinin icrası ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini də ziyarət ediblər.

 

 



22.11.2023 | 17:35