Aşqarlar Kimyası İnstitutunun 2023-cü ildəki elmi-təşkilati fəaliyyəti müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2023-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.

 

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, bu il rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti üçün müəyyən nailiyyətlərlə yadda qalır: “Bu nailiyyətlər fundamental və tətbiqyönlü mühüm nəticələrin əldə olunması, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu Q2-Q4 klasifikasiyalı jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmə həvəsləndirilməsi, cəlb olunması və sair istiqamətləri əhatə edir”.

 

Sonra laboratoriya müdirləri 2023-cü ilin fəaliyyət planına və prioritet istiqamətlərinə uyğun olaraq hesabat dövründə yerinə yetirilən konkret elmi tədqiqatlar, əldə edilən nəticələr və onların müxtəlif məqalə, patent, konfrans materiallarında əks olunması, yüksək ixtisaslı kadr hazırlığı ilə bağlı məlumatlar verib, qarşıda duran prioritet məsələlər, problemlər və onların həlli yolları haqqında təklif və tövsiyələrini səsləndiriblər.

 

İnstitutun icraçı direktoru Əfsun Sucayev, elmi katib Mehparə Səfərova, laboratoriya müdirləri Həqiqət Cavadova, Oruc Nəbiyev, professor Pərvin Məmmədova  və digərləri müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Sonda hesabatlara yekun vuran akademik V.Fərzəliyev görülən işləri məqbul hesab edib, aparılan elmi tədqiqatlarda kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində laboratoriyaların mövcud potensialı və maddi-texniki bazasının imkanlarının tam səfərbər edilməsinin zəruriliyini bildirib. O, xüsusən növbəti ildə institutda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətlərinə diqqət yetirilməsini vacib sayıb, lazımi tövsiyələrini verib.

 



23.11.2023 | 12:29