Rektor Koreyada təhsil alan tələbələrlə görüşüb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreyada davam etdirən tələbələrlə görüş keçirilib.  

 

Görüşdə BMU-nun rektoru Yaqub Piriyevin rəhbərliyi ilə Koreyada səfərdə olan nümayəndə heyətinin digər üzvləri də iştirak edib.

 

Tələbələri salamlayan, onları IV kurs üzrə təhsillərini Koreyada davam etdirmək imkanı qazanmaları münasibətilə təbrik edən Y.Piriyev ölkənin strateji sahələrinin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialı ilə təminatında ikili diplom proqramlarının rolundan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsindən söz açan rektor burada qoyulan hədəflərə nail olunmasında, sözügedən ərazilərin kadr tələbatının ödənilməsində İDP məzunlarından istifadənin faydalı ola biləcəyini vurğulayıb

 

BMU-İNHA İDP-nin icrasına toxunan rektor tələbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü, eyni zamanda onların ixtisaslı mütəxəssis kimi yetişdirilməsinə hər zaman dəstək veriləcəyini vurğulayıb.

 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli dövlətin İDP çərçivəsində təhsil alan tələbələrə qayğı ilə yanaşdığını bildirib. Eyni zamanda, ikili diplom proqramlarının ölkəmizin kadr potensialının gücləndirilməsindəki rolundan danışıb.

 

Görüşdə Dövlət Proqramları İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-İNHA İDP-nin proqram direktoru Humay Cəfərli də çıxış ediblər.

 

Səmimi atmosferdə davam edən tədbirdə tələbələrə Azərbaycandan gətirilmiş şirniyyatlar təqdim olunub, onların rəy və təklifləri dinlənilib.

        

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Koreya Respublikasına səfəri BMU-İNHA İDP-nin qərarverici orqanı olan Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə təşkil olunub.

 

 



23.11.2023 | 14:08