Gənclər elmdə

Azərbaycanın elm və təhsil ictimaiyyəti ötən həftə növbəti dəfə doktorantların və gənc tədqiqatçıların elm sahəsində bilik və bacarıqlarını əks etdirən çıxışlarına şahidlik edib. Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Doktorant və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVI) bir sıra maraqlı çıxışlarla yadda qalıb. 

 

BDU-nun rektoru Elçin Babayev çıxış edərək bildirib ki, konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu “Heydər Əliyev İli”nə təsadüf edir.

 

“Gənclər üçün geniş fürsətlər var”

 

Rektor qeyd edib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, etibarlı gələcəyin təminatı, şübhəsiz ki, elm və təhsilin uğurlu inkişafına bağlıdır. Peşəkar kadrların yetişdirilməsi, gənclərin cəmiyyətdə baş verən proseslərdə fəal iştirakı və aparıcı qüvvəyə çevrilməsi bu amillərin əsasında xüsusi yer alır.

 

Ölkəmizdə gənclərin potensialının effektiv istifadə olunması üçün müxtəlif proqramların həyata keçirildiyini bildirən rektor əlavə edib ki, elm və təhsilin inkişafına dair strateji proqramlar, gənclərin elmi fəaliyyətini dəstəkləmək, dövlət idarəetməsində gənclərin iştirakını artırmaq və faydalı məşğulluq yaratmaq məqsədilə çoxsaylı tədbirləri əhatə edir. E.Babayev vurğulayıb ki, Bakı Dövlət Universiteti ölkəmizin əhəmiyyətli elm məbədlərindən  biri olaraq müasir təhsil və elmi sahəsində böyük uğurlar  qazanıb. Qazanılan nailiyyətlərdə gənclərin rolu kifayət qədər yüksəkdir.

 

Universitetin təcrübəli elmi kadrları, tədqiqat mərkəzləri və beynəlxalq əməkdaşlıq əlaqələri gənclərin yüksək səviyyəli təhsil almasını təmin edib. Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının, həmçinin Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elm və təhsil sahəsində əldə etdiyi uğurlar ölkənin elmi potensialının inkişafına böyük töhfələr verməkdədir.

 

“Digər ali təhsil müəssisələri kimi, Bakı Dövlət Universitetinin əsas məqsədlərindən biri ən yüksək standartlara uyğun şəkildə təhsil verərək ölkəmiz üçün  layiqli vətəndaşlar  yetişdirməkdir. Gənclərə göstərilən diqqət və qayğı ölkəmizin inkişafı üçün əhəmiyyətli bir addımdır. Ölkəmizdə gənclərin elm və təhsil sahəsində böyük inamla irəliləməsi üçün geniş fürsətlər var”.

 

Ən optimal və uğurlu variantlar

 

Mərasimdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Gənc tədqiqatçıları bir araya gətirən elmi konfransın artıq 26 ildir ki, keçirildiyini və onun təşkilinin vacibliyini diqqətə çatdıran nazir qeyd edib ki, bu, uğurlu ənənənin olması deməkdir. E.Əmrullayev elmin maliyyələşməsinin bu sahənin inkişafı üçün vacib olduğunu vurğulayıb və bildirib ki, bunun üçün ən optimal və uğurlu variantlardan istifadə edilməlidir: “İnsanın əmək fəaliyyəti onun gündəlik fəaliyyəti ilə sıx bağlı olmalıdır. Elmin maliyyələşməsi ilə bağlı islahatlar aparılmalıdır. Biz prosesin maliyyələşməsindən nailiyyətlərin maliyyələşməsinə keçməliyik. Bu zaman fərqli maliyyələşmə metodlarından istifadə olunmalıdır. Artıq ümumi təhsildə bunun həlli yolunu tapmışıq. Ali və orta ixtisas təhsilində də bununla bağlı yollar axtarılmalıdır”.

 

Nazir  Emin Əmrullayev çıxışında həmçinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sayəsində gənc alimlərin inkişafına şərait yaradılmasının üstünlüyündən danışıb. Elm və təhsil naziri 300-ə qədər gəncin xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərildiyini bildirib:

 

“Yaxşı xəbər ondan ibarətdir ki, ölkə üzrə “Scopus” və “Clarivate Analytics” alətlərinə çıxış verilib. Bu, bizim üçün çox faydalıdır. 300-ə qədər azərbaycanlı gənci xaricdə doktorantura təhsilinə göndərmişik və daha çox tələbənin göndərilməsini istəyirik. Eyni zamanda, düşünürəm ki, digər xarici ölkələrdən, xüsusən qardaş Türkiyədən alimləri həm ali təhsil müəssisələrinə, həm də elmi-tədqiqat institutlarına cəlb etməkdən qorxmamalıyıq. Eyni zamanda, gənc tədqiqatçıların xaricə bir aylıq, 6 aylıq, bir illik tədqiqatlara göndərməyimiz çox vacibdir, bunun üçün sadəcə ingilis dilini yaxşı bilmək vacibdir”.

 

Nazir diqqətə çatdırıb ki, 2024-cü il elmi siyasətin tətbiqi sahəsində sınaq ili olacaq. Artıq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tam fəaliyyətə başlayıb və gələn il həmin qurum tərəfindən bir neçə yeni alət tətbiq olunacaq. “2024-cü ildə biz Agentlik vasitəsilə bir neçə alətimizi sınaqdan keçirməyə çalışacağıq. Ümid edirik ki, bu, bizim həm ali təhsil müəssisələrimizə, həm də elmi-tədqiqat institutlarımıza irəli getməyə imkan verəcək”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında konfransın gənclər üçün vacibliyini ölkədə uğurlu elm, təhsil və gənclər siyasətinin bariz nümunəsi olduğunu vurğulayıb. İ.Həbibbəyli konfrans materialları arasında Qarabağla, Qərbi Azərbaycanla, Böyük Qayıdışla, Vətən müharibəsi ilə bağlı mövzuların üstünlük təşkil etməsinin də çox təqdirəlayiq hal olduğunu bildirib. Akademik elmi prosesə təkan vermək üçün elmin müxtəlif sahələrində fənlərin inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, əlavə edib ki, dünyada fərdi halda çalışmaqdan komanda halında çalışma geniş vüsət alıb. İ.Həbibbəyli gənclərə münasibətdə tələbkarlıqdan çox qayğı göstərilməsinin vacibliyini bildirərək belə olan halda onlar qarşısında bir çox baryerlərin aradan qalxacağına inamını ifadə edib.

 

Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev isə diqqətə çatdırıb ki, konfransa ümumilikdə 279 elmi məqalə təqdim edilib. Onlardan 216-sı qəbul olunub. Konfransa 24 yerli, 7 xarici ali təhsil, 23 elmi-tədqiqat müəssisəsindən məqalələr verilib. Təqdim olunan məqalələrin böyük əksəriyyəti iqtisadiyyat və idarəetmə, filologiya və mədəniyyətşünaslıq, pedaqogika, psixologiya, tarix, hüquq və s. sahələri əhatə edir. Mühəndislik və tibb elmləri sahəsində isə məqalələr daha azdır. Qadınların elmi tədqiqatlarda iştirakının daha geniş olduğunu da qeyd etmək olar. Hətta bəzi texniki istiqamətlərdə xanım iştirakçıların əhatəsini geniş olduğunu görmək olar. İqtisadiyyat üzrə ali məktəblər və tədqiqat qurumlarının iştirak faizinə görə ən çox məqalə UNEC-ə məxsusdur. Konfransda 2 dildə - Azərbaycan və ingilis dillərində məqalə təqdim etmək imkanı yaradılıb. 44 məqalə ingilis dilində təqdim olunub. Onlardan 42-si uyğun hesab olunub. Müraciətçilərdən 183 nəfər doktorant, 36 nəfər dissertant, 2 nəfər fəlsəfə doktorudur.

 

Çıxışlardan sonra konfrans öz işini bölmələrdə davam etdirib. Noyabrın 18-də konfrans öz işini başa çatdırıb, iştirakçılara sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

 

Oruc MUSTAFAYEV

 



24.11.2023 | 09:03