SDU Hirş indeksinə görə reytinqlərdə irəliləyir

“National H-index Ranking” tərəfindən 2023-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi institutların və ali təhsil müəssisələrinin Hirş indeksinə (H-index) görə reytinq sıralaması-“Azerbaijan National H-index Ranking-2023” açıqlanıb.

 

Sumqayıt Dövlət Universiteti (SDU) əvvəlki ilin reytinqi ilə müqayisədə 83 müəssisə arasında ölkə üzrə 16 pillə irəliləyərək 52-ci yerdən 36-cı yerə yüksəlib. Ali təhsil müəssisələri reytinqində isə 31-ci yerdən 16-cı yerə yüksəlib. Scopus indeksində 8, Web of Science indeksində isə 6 pillə yüksəlmə qeydə alınıb.

 

Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmmetrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin reytinq göstəricisi və reytinqdə müvafiq mövqe formalaşır. Qeyd edək ki, reytinq siyahısı hazırlanarkən Azərbaycanın 84 elmi institut və universitetinin elmi fəaliyyəti analiz edilib.

 

SDU-nun Reytinqdə milli H-indeksi (National H-index) 7-ə bərabərdir.

 

Azərbaycan Milli H-index Ranking, konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir.

 

 



28.11.2023 | 12:02