Kibertəhlükəsizlik trendləri və kibertəhlükəsizlik təhsili mövzusunda maarifləndirmə

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində trendlər və kibertəhlükəsizlik təhsilinin ümumi təhsil müəssisələrinə inteqrasiyasının əhəmiyyətinə dair maarifləndirici tədbir keçirilib.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov AKTA İdarə Heyətinin sədri Elvin Balacanovun rəhbərlik etdiyi nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayaraq universitet haqqında ətraflı məlumat verib və 4-cü sənayə inqilabı dövründə kibertəhlükəsizliyin xüsusi önəmini vurğulayıb.

 

Daha sonra təqdimatla çıxış edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilən tədbirlər, həmçinin AKTA tərəfindən təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə atılmış addımlar və icra edilmiş layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə təhsilə önəm verilməsinin, xüsusilə də, ADPU-nun müvafiq fakültə məzunları tərəfindən gələcəkdə ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə kibertəhlükəsizlik sahəsində də ilkin biliklər aşılanmasının əhəmiyyəti vurğulanıb.

 

Daha sonra AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabbarov çıxış edərək tədbir iştirakçılarını AKTA-nın fəaliyyət istiqamətləri və üzvləri, icra edilən layihələr, eləcə də Assosasiyanın dəstəyi ilə hazırda bir neçə ali təhsil müəssisəsində yaradılmaqda olan kiber-klubların önəmi barədə məlumatlandırıb.

 

 



29.11.2023 | 20:03