SDU-nun nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetində səfərdədir

Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndə heyəti Ufa Dövlət Neft Texniki Universitetinin 75 illik yubiley mərasimində iştirak edib.

 

Səfərin ilk günü SDU-nun rektoru Rüfət Əzizov və prorektoru Əsəd Məmmədov Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Baulin ilə görüşüblər. Görüşdə iki universitet arasında tarixi münasibətlər, kimya mühəndisliyi, neft hasilatı texnologiyaları və neft-kimya sahəsində görülə biləcək elmi-tədqiqat layihələri, eyni zamanda tələbə, müəllim mübadilə proqramları geniş müzakirə olunub.

 

Yubiley ilə bağlı Elmi Şuranın böyük tərkibdə keçirilən iclasında digər qonaqlarla yanaşı, SDU-nun nümayəndə heyəti də iştirak edib. Sonra qonaqlar universitetdə yaradılan şəraitlə tanış olublar.

 

Nümayəndə heyəti yubileyin rəsmi və bədii hissəsində də iştirak edib. SDU-nun rektoru Rüfət Əzizov yubileydə təbrik nitqi söyləyib.

 

Sonda Sumqayıt Dövlət Universiteti adından Ufa Dövlət Neft Texniki Universitetinə hədiyyə təqdim olunub.

 

Nümayəndə heyətinin səfəri davam edir.

 

 



04.12.2023 | 14:13