BDU və Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfəri çərçivəsində Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Pekin Xarici Dillər Universitetinin rektoru Yanq Danq imzalayıb.

 

İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, ÇXR universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrin perspektivləri barədə danışıb. BDU-da tələbələrin bilik və bacarıqlarını artırmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edən rektor ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.

 

Pekin Xarici Dillər Universitetinin vitse-prezidenti Jia Dejong (Jia Dezhong) ikitərəfli əməkdaşlığın genişləndirilməsində, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə həmçinin, universitetin Asiya fakültəsinin dekanı professor Su Yinqinq, dekan müavini Qu Ciayün, Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Beynəlxalq mübadilə və əməkdaşlıq ofisinin direktor müavini Qonq Jinq və ofisin Beynəlxalq mübadilə sektorunun rəhbəri Quan Sin iştirak ediblər.

 

Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin yaradılması, təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasında Azərbaycan dili ixtisasının tədrisi ilə bağlı məsələlərə diqqət yönəldilib.

 

İmzalanan anlaşma memorandumu tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində yaxın gələcəkdə birgə ikili diplom proqramlarının yaradılması istiqamətində işlərin sürətləndirilməsi, müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, ilkin mərhələdə magistratura və doktorantura sǝviyyǝlərindǝ, sonralar isə bakalavriatura səviyyəsində də kadrların mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfranslar, seminarlar, simpoziumlar, təlimlərin birgə təşkili və keçirilməsi məqsədini daşıyır.  

 

Sonda müzakirə olunan mövzuları əhatə edən geniş fəaliyyət planının hazırlanmasına dair razılığa gəlinib.

 



08.12.2023 | 17:24