Daşkənd İnformasiya Texnologiyaları Universitetinin nümayəndə heyəti SDU-da

Özbəkistanın Daşkənd İnformasiya Texnologiyaları Universitetinin Nurafşan filialının rəhbərliyi Azərbaycana səfər çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) olub. Səfər ikitərəfli əməkdaşlığın müzakirə edilməsi, əməkdaşlığa dair memorandumun imzalanması, habelə SDU-nun qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədini daşıyıb. 

 

SDU-nun rektoru Rüfət Əzizov iki qardaş ölkənin ali məktəbləri arasında əməkdaşlığın çox məhsuldar və faydalı olacağını vurğulayıb, təcrübə mübadiləsinin hər iki universitetin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Universitet haqqında dolğun məlumat verən rektor SDU-nun çoxprofilli bir universitet olduğunu və Daşkənd İnformasiya Texnologiyaları Universiteti ilə ortaq əməkdaşlıq imkanlarının mümkünlüyünü xüsusilə qeyd edib.

 

Hər iki universitetin geniş tədris imkanları və maddi-texniki bazasına dair məlumatları əks etdirən videoçarxın nümayişindən sonra qonaqlar SDU-nun Heydər Əliyev Mərkəzi, kompüter texnologiyaları və proqramlaşdırma, elektron çeviriciləri və ölçmələr, avtomatlaşdırma və informasiya texnikası, texnoloji ölçmələr və texniki vəsaitlər, avtomatik tənzimləmə, rəqəmli idarəetmə sistemləri, eyni zamanda SDU nəzdində tədris məqsədilə yaradılan açıq səma altında Elektroenergetikanın tədris muzeyi, arxeologiya və etnoqrafiya auditoriyası ilə yaxından tanış olublar.

 

Görüş universitetlər arasında əməkdaşlıq memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.

                                                                         

Şakir CƏFƏROV



19.12.2023 | 16:42