SDU sənaye müəssisələri ilə əməkdaşlığını genişləndirir

Sumqayıt Dövlət Universitetində  (SDU)15 iri sənaye müəssisəsindən 40-a yaxın rəhbər şəxsin və insan resursları rəhbərlərinin iştirakı ilə görüş keçirilib. SOCAR Downstream və strukturuna daxil olan Azərkimya İB, SOCAR Karbamid, SOCAR Polymer müəssisələrinin direktorları, Sumqayıt Texnologiyalar Parkının (STP), BP şirkətinin, “Azersun Holdinq”ə daxil olan zavod-fabriklərin, “Azərişıq” ASC, “Azərenerji” ASC, Gilan Tekstil, Nobel Energy, Kapital Bank, “Azertexnolayn” və “Technol” şirkətlərinin direktorları, rəhbər şəxsləri və insan resursları idarəçilərinin iştirak etdiyi görüşdə SDU-nun rektoru Rüfət Əzizov universitetlə sənaye müəssisələri arasında mümkün əməkdaşlıq istiqamətləri haqqında məlumat verib.

 

Bildirilib ki, SDU ilə sənaye müəssisələri arasında tələbələr üçün təcrübə proqramlarının təşkili, tədrisdə məzmunun yenilənməsi, elmi- tədqiqat layihələri, akademik heyət və tələbələr üçün qısa müddətli təlimlərin təşkili, praktik konfrans və tələbə düşərgələrinin keçirilməsində birgə fəaliyyətlər xüsusi əhəmiyyət daşıyır. SOCAR Downstream Management şirkətinin Baş direktoru Emil Alxaslı, SOCAR “Azərkimya” İB-nin Baş direktoru Elnur Məmmədli, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, Nobel Energy-nin Baş əməliyyat direktoru Ramal Quliyev, SOCAR Karbamid zavodunun direktoru Kutay Durna, STP MMC-nin Baş İnsan Resursları İnzibatçısı və İdarə heyətinin üzvü Şölə Əliyeva, Gilan Tekstil şirkətinin direktoru Esmin Xəlilov, “Technol” şirkətin təsisçisi Elvin Hacıyev və “Azərsun Holdinq”ə daxil olan fabriklərin direktorları universitet-sənaye işbirliyinin məqsəd və mahiyyətindən danışıblar.

 

Qeyd olunub ki, təcrübə proqramları, praktik bacarıqlar üçün vörkşoplar, laboratoriya və məzmunun yenilənməsi, tələbələrin ixtisasa həvəsləndirilməsi, müəllimlərin və tələbələrin praktik bacarıqlarının artırılması, araşdırma və optimallaşdırma layihələri, tədrisdə sənaye müəssisələrindən mütəxəssislərin iştirakı, sənaye üçün ixtisasartırma kurslarının təşkilində əməkdaşlıq  vacibdir.  

 

Sonda 2024-cü il üçün SDU ilə sənaye müəssisələrinin birgə  fəaliyyət planının hazırlanması üçün ilkin istiqamətlər müzakirə olunub.

                                                                                           

Şakir CƏFƏROV

 



22.12.2023 | 15:42