Botanika İnstitutu ilə Çin Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Çin Elmlər Akademiyasının (ÇEA) Xinjiang Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru professor Zhang Yuanming, Yaşıl İpək Yolunun İnkişafı şöbəsinin müdiri professor Li Yaoming, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dr. Qiao Jianfang, ÇEA-nın sabiq prezidenti akademik Bai Chunli, ÇEA-nın Geologiya və Geofizika İnstitutunun direktor müavini professor Zhang Xiaoleidən ibarət  nümayəndə heyəti Botanika İnstitutunda olub. Səfər Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədini daşıyıb. 

 

Professorlar, elmlər doktorları və doktorantların iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun baş direktoru  Səyyarə İbadullayeva qonaqlara institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  məlumat verib. Çinli alimlər əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Sonra Botanika İnstitutu ilə ÇEA-nın Xinjiang Ekologiya və Coğrafiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq müqaviləsində birgə tədqiqatlar aparmaq, kadr hazırlığı və təcrübə mübadiləsi, müştərək nəşr işləri, elmi tədbirlərin keçirilməsi və s. məsələlər öz əksini tapıb.

 



26.12.2023 | 15:36