Tarixi Zəfərin unudulmaz günləri

2023-cü ilin 15-16 dekabr tarixlərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı mənim üçün unudulmaz bir hadisə oldu. Qurultayda rayonumuzu təhsildə öz sözünü demiş, respublikanın sayılıb-seçilən müəllimlərindən 9 nəfər nümayəndə təmsil edirdi. Qurultayın ilk dəqiqələrində tədbir iştirakçları tərəfindən Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, XV Qurultaydan ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi bir şəhid anası kimi məndə qürur hissi yaratdı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultay iştirakçılarına göndərdiyi təbrik məktubunu dinlədikcə gözlərimin önündən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından keçən illər ərzində təhsildəki uğurlar gəlirdi. Təbrik məktubu oxunduqdan sonra elm və təhsil naziri Emin Əmrullayevin video təqdimat üzərindən təhsilin inkişafı və perspektivləri haqqında hesabatı, təhsil sahəsindəki uğurları və hədəflərin əlçatan olması məndə təhsilimizin gələcəyinə çox güclü inam yaratdı. Çıxışlarda bir çox məsələlərdən, o cümlədən yeni bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsinin prioritet vəzifə kimi müəllimlərin qarşısına qoyulan tələblərdən danışıldı.

 

İki gün davam edən qurultayda günün ikinci yarısında müxtəlif mövzularda panel müzakirələr keçirilib. Birinci gün mənim iştirak etdiyim zalda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan  təhsili” mövzusunda  müzakirələr aparıldı. Çıxış edənlər Heydər Əliyevin keçdiyi uzun və şərəfli ömür yolundan, onun çoxşaxəli fəaliyyətində təhsilin dinamik inkişafına həssaslıqla yanaşmasından və təhsilə göstərdiyi misilsiz qayğılardan  söz açıblar.

 

Qurultayın ikinci gününün səhər saatlarında panel müzakirələrdə mən “Xarici dillərin öyrənilməsi: yeni imkanlar” sessiyasında iştirak edirdim. Zalda respublikanın bir çox məktəblərindən və ali təhsil ocaqlarından, o cümlədən məzunu olduğum Azərbaycan Xarici Dillər Universitetinin müəllimləri də var idi. Sessiyada xarici dillərin metodikasında bir çox məsələlər müzakirə edildi, təkliflər qəbul edildi.

 

Hər iki panel müzakirə olduqca maraqlı keçdi. Bir müəllim kimi xeyli faydalı məsləhətlər əldə etdim. Qurultaydan qayıdandan sonra təəssüratlarım kollektivimizin də böyük marağına səbəb oldu. Bundan sonra da mən və kollektivimiz Balakən şəhər Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin müəllim və şagirdlərinin daha çox uğurlar əldə etməsinə çalışacağıq.

 

Etimad göstərərək belə bir mötəbər tədbirdə iştirak etmək üçün mənə şərait yaratdıqlarına gorə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.

 

Zümrüd MƏMMƏDOVA,

Şəhid Kamal Məmmədovun anası, Balakən şəhər Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin ingilis dili müəllimi

 



29.12.2023 | 13:21