Avstriya şirkəti AzMİU-da daha bir laboratoriya stendi açıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Avstriyanın “Herz Armaturen” şirkəti tərəfindən bu ali məktəbə hədiyyə olunmuş laboratoriya stendlərinin açılışı olub. Açılış mərasimində “Herz Armaturen” şirkətinin prezidenti Gerhard Glinzerer, Avstriyanın ölkəmizdəki səfirinin müavini, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri və əməkdaşları iştirak ediblər.

       

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetin fəxri professoru, şirkətin prezidenti Gerhard Glinzereri rəhbərlik etdiyi ali nəktəbdə görməkdən məmnun olduğunu deyib. Sözügedən şirkətlə ikitərəfli əlaqələrin faydalı əməkdaşlığa çevrildiyini bildirən rektor şirkətin AzMİU-nun maddi-texniki bazasının möhkəmlənməsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O,  tədbirin  universitet, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

       

Səmimi görüş üçün rektora təşəkkürünü bildirən cənab Gerhard Glinzerer AzMİU ilə qurulan işgüzar əlaqələrin Azərbaycanla Avstriya arasındakı əməkdaşlığa, dostluğa mühüm töhfə verdiyini qeyd edib. O, şirkətin öz fəaliyyətində beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiyini, bu istiqamətdə təhsilin prioritet olduğunu, AzMİU-da gördükləri işin onlar üçün böyük önəm daşıdığını diqqətə çatdırıb. “Mən fəxr edirəm ki, bu gün biz belə bir mühüm stendi bu universitetdə açırıq”-deyən şirkət rəhbəri əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün lazımi köməkliyi edəcəyini bildirib.

         

Açılış mərasimi rəmzi qırmızı lentin kəsilməsi ilə davam edib. Universitet rəhbərliyi və qonaqlar laboratoriyadakı avadanlıqlar və stendlə tanış olublar. “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının müdiri Nurməmməd Məmmədov laboratoriya barədə məlumat verərək qeyd edib ki,  təqdim olunan stend sayca Herz şirkətinin universitetə hədiyyə etdiyi 4-cü stenddir. O,  stendin istilik sistemlərinin quraşdırılması istiqaməti üzrə mütəxəssis hazırlığı işində böyük yardımçı olacağını vurğulayıb, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib.

 



24.10.2018 | 11:33