20-ci Beynəlxalq Jautikov olimpiadasından 4 medal

8-14 yanvar tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautikov olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

 

Təhsil İnstitutundan bildirilib ki, Bakı Avropa Liseyinin laboratoriyalarında informatika fənni üzrə olimpiadaya onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla, ümumilikdə 4 medal əldə ediblər. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər. Xatırladaq ki, cari tədris ilində məktəblilərimiz sözügedən olimpiadada ancaq informatika fənni üzrə iştirak ediblər.

 

Qeyd edək ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlıqlarda iştirak edən məktəblilərimiz ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm yarışlarında uğurla təmsil edərək 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla, ümumilikdə 58 medal qazanıblar.

 



16.01.2024 | 10:00